"Neftin qiymətinin 25 dollara enməsi Rusiya iqtisadiyyatını çıxılmaz vəziyyətə salacaq"
Dünya bazarında neft qiymətlərinin 25 dollar/barelə qədər enməsi ehtimalı təmamilə realdır. Belə bir vəziyyətdən isə Rusiya iqtisadiyyatı uzunmüddətli durğunluq riskindən sığortalanmayıb. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiyanın sabiq iqtisadiyyat nazirinin müavini, hazırda "Yeni iqtisadi artım" təsərrüfat partnyorluğunun prezidenti Mixail Dmitriyev verib.
Onun sözlərinə görə, Rusiyanın bu cür iqtisadi zərbələrdən qorunması üçün təhlükəsizlik mexanizmi mövcud deyil: "Neft qiymətlərinin 25 dollar/barelə enməsi durumunda ölkəni 1990-cı illərdəki sistem böhranı gözləyir".
Onun fikrincə, neft qiymətlərində çöküşə səbəb olacaq ən önəmli amil Çinin maliyyə bazarında yaranacaq problemlərdir. "Çin bank sektoru inanılmaz dərəcədə "şişib". Kreditlərin həcmi ÜDM-in 200%-nə yüksəlib. Bu isə Çinin hazırkı iqtisadi artım tempi ilə uyğun gəlmir".
M.Dmitriyev qeyd edib ki, hazırda Çin Rusiya neftinin alışını mütəmadi olaraq artırır. Çində yaranacaq hər hansı iqtisadi problem neft alışının azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində Avropaya neft satmaqda getdikcə çətinliklərlə üzləşən Rusiyanı daha da pis vəziyyətə salacaq. Bununla yanaşı, Çində neftə tələbatın azalması neft qiymətlərini uzunmüddətli olaraq aşağı səviyyədə qalmasına səbəb ola bilər.
762 dəfə oxundu