Türkiyə erməniləri deportasiya edir
Türkiyədə yaşayan 70 min erməni miqrant Ermənistana deportasiya edilə bilər. Axar.az xəbər verir ki, bu barədə erməni ekspertlər Ermənistan KİV-lərinə verdikləri açıqlamada bildiriblər. Məlumata görə, son vaxtlar Ermənistan-Türkiyə münasibətlərində yaranmış gərginlik, xüsusən erməni lobbisinin “soyqırım” çalışmaları Ankara tərəfindən narazılıqla qarşılanır.
Onlar hesab edirlər ki, Ermənistan hakimiyyəti və erməni lobbisinin xaricdə apardığı siyasətin zərərini erməni xalqı görür:
“Hazırda Türkiyədə qeyri-qanuni yaşayan 70 minə qədər erməni Ermənistana geri qaytarıla bilər ki, bu da 70 min işsizin ölkəyə əlavə yük olması və eyni sayda ailənin ac qalması deməkdir. Əgər bu proses başlayarsa, Ermənistanda iqtisadi gərginlik artacaq, bu da ölkədə kriminal vəziyyətin pisləşməsinə səbəb olacaq”.
Ekspertlərin qeyd etdiyinə görə, Ermənistandan Türkiyəyə Tiflis-Batumi-Trabzon avtobus yolu ilə gələn ermənilərə Gürcüstanda vizaların verilməsi ciddiləşib. Bundan başqa, bir aylıq viza ilə Türkiyəyə gələn və geri qayıtmaq istəməyən Ermənistan vətəndaşları aşkar olunaraq Türkiyədən deportasiya olunurlar. Erməni ekspertlər hesab edirlər ki, Ermənistan hakimiyyətinin hazırkı siyasəti qeyri-konstruktivdir.
853 dəfə oxundu