Trampın qələbəsi üçün pul xərcləyənlərə vəzifə verilir
Donald Tramp seçkidə ona milyonlarla dollar ianə edənlərə vəzifə verir. ABŞ-da prezident postuna seçilmiş Donald Trump öz siyasi rəqiblərini “oyun üçün ödə” siyasəti və “klan kapitalizmi və korrupsiyası”na görə daim sərt tənqid edib. Ancaq indi Tramp özünün iri ianəçilərini özünün gələcək prezident adminstrasiyasına indiyədək görünməmiş çıxış, prestij, güc və təsir imkanları ilə mükafatlandırır. İctimai Şəffaflıq Mərkəzi Center for Public İntegrity, Federal Seçki Komissiyasının açıqladığı seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı bilgiləri analiz edərkən bu qənaətə gəlib.
18 ultra varlı amerikalı respublikaçıların prezident kampaniyasında azı 1 milyon dollar yardım ediblər və indi onların bəziləri hökumətdə təmsil olunmağa başlayırlar. “World Wrestling Entertainment” şirkətinin keçmiş icraçı direktoru Linda McMahon Tramp Kabinetinin siyahısındadır: ABŞ-ın yeni prezidenti onu federal hökumətin Kiçik Biznes Adminstrasiyasının rəhbərliyinə gətirir. Trampın seçki kampaniyasında 6,2 milyon dollar xərcləyən Linda və onun əri Vince McMahon-lar həm də yeni prezidentin mübahisəli xeyriyyə fonduna milyonlarla dollar ianə ediblər.
Milyarderlər yeni adminstrasiyada
Tramp yeni kabinetində görmək istədiyi şəxslərin adını açıqlayıb: milyarder xeyriyyəçi Betsy DeVos təhsil katibi, restoranlar nəhəngi AndyPuzder əmək katibi, milyarder sərmayəçi Wilbur Ross ticarət katibi vəzifələrinə namizəddirlər.
Mənzil və Şəhər inkişafı departamentinin rəhbərliyinə namizəd Ben Carson Trampı dəstəkləyən super PAC-a (seçki proseslərində təbliğat və əks-təbliğatla məşğul olan və ianə qəbulunda limit qoymyan müstəqil təşkilat – red.) seçki günündən 4 gün öncə 100 min dollar ödəyib.
Super PAC-ları maliyyələşdirənlər
Digər varlı iş adamı Robert Mercer qızının təsis etdiyi və Trampı dəstəkləyən super PAC-ına 2 milyon dollar yardım edib və indi o öz qızı Rebekah-la Trampın qanunvericilik üzrə məsləhətçisi olacaq yeni təşkilatda aparıcı rol oynayırlar. Robert Mercer-in qızı Rebekah Mercer Trump-ın prezidentliyə keçid komandasının üzvüdür.
Silikon Valley-in sərmayəçilərindən biri olan Pefer Thiel Rebekah Mercer-in rəhbərlik etdiyi “Make America Number 1” super PAC-ına prezident seçki kampaniyasının son günlərində 1 milyon dollar yardım edib.
Trampa dəstəyindən açıq danışan texnika nəhəngi Thiel onun prezident keçid komandasının icra şurasının üzvüdür.
Trampın əleyhinə təbliğat aparan super PAC-ı maliyyələşdirən milyarder Joe Ricketts Trampı dəstəkləyən“Future 45.” super PAC-a 1 milyon dollar ödəyəndən sonra yeni prezidentin sevimliləri cərgəsinə daxil olub.
Onun “Future45.” Super PAC-nın fəaliyyətinə kömək edən oğlu Todd Ricketts-in adı ticarət katibinin müavini vəzifəsinə namizəd kimi çəkilir. Tramp kazino maqnatları Sheldon Adelson və onun xanımı Miriam Adelson-a yeni iş tapşırıb: Onlar Trampın inauqurasiya komitəsinin maliyyələşdirilməsi üçün milyonlarla dollar ianə toplamaqla məşğuldurlar. Sheldon Adelson xanımı ilə birlikdə Tramp qrupuna 10,2 milyon dollarlıq ianə ediblər. Adelsonslar İsrailin güclü tərəfdarlarıdırlar və onlayn qumarın əleyhinədirlər.
Donorlardan səfir də çıxacaq
Həm demokratlardan, həm də respublikaçılardan olan müasir prezidentlər mütəmadi donorlara səfirlik postları təklif ediblər. Tramp işarə verib ki, bu təcrübəni dəyişməyəcək, əksinə, bir az da irəli gedəcək.
Məsələn, o, əsas donorlarından biri, Nyu York Jets-in sahibi, futbol maqnatı Woody Johnson-un adını ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə namizəd kimi çəkib. Woody Johnson hazırda Trump-ın inauqurasiya komitəsinin üzvüdür.
“Home Depot” şirkətinin təsisçisi milyarder Bernard Marcus Trampyönlü super PAC-lara 7 milyon dollar ianə edib. O deyir ki, Trump adminstrasiyasında formal rol oynamaq fikri yoxdur, ancaq Trump onun məsləhətinə ehtiyac duyarsa, buna hazırdır. Sonda, Tramp öz kampaniyasının əsas donorlarından biri olub. O, öz seçki kampaniyasına 66 milyon dollar pul qoyub. Bu onun kampaniyasında toplanan 339 milyon dollarlıq vəsaitin 19 faizini təşkil edib ("Azadlıq" radiosu).
1006 dəfə oxundu