“Fərat qalxanı” əməliyyatı barədə son məlumatlar açıqlanıb
Türkiyənin müdafiə naziri Fikri İşıq Türkiyə ordusunun dəstəyi ilə Suriyada həyata keçirilən “Fərat qalxanı” əməliyyatı barədə son məlumatları açıqlayıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, F. İşıq Suriyada İŞİD terrorçularının ikinci qalası sayılan Əl-Bab şəhərinə qədər kiçik yaşayış qəsəbələri və kiçik İŞİD terror qrupları olduğunu bildirib. Müdafiə naziri deyib ki, bu kiçik yaşayış qəsəbələri və kiçik terrorçu qruplardan fərqli olaraq, Əl-Babda artıq küçə döyüşləri başlayıb, bu səbəbdən fərqli taktika tətbiq edilir. Əsas risk şəhərdə mülki şəxslərin yaşamasıdır: “Digər risk isə əlverişsiz hava şəraitidir. Şəhərdə yalnız İŞİD olsaydı, çoxdan azat etmişdik”.
Bu arada “Reuters” agentliyi Türkiyədən Suriyaya tank və zirehli bölmələrin göndərildiyi barədə məlumat və görüntülər yayıb. Görüntülər Suriyanın Çobanbəyi qəsəbəsində çəkilib.
Qeyd edək ki, 136 gündür, davam edən “Fərat qalxanı” əməliyyatında 1362 İŞİD terrorçusu öldürülüb, 172 terrorçu yaxalanıb. PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin də 291 silahlısı məhv edilib. Türkiyə ordusu 42 şəhid verib.
874 dəfə oxundu