ABŞ-ın 3 böyük şirkətinin baş direktorları Trampdan üz çevirdilər
“Intel Corp”, “Merck&Co” və “Under Armour” Trampa etiraz edərək prezident yanında Amerikan Manufakturası Şurasından çıxıblar. Baş direktorların şuradan çıxmasına səbəb Virciniya ştatı Şarlottesvill şəhərində qatı millətçilərin keçirdiyi mitinqdə etirazçılarla mitinqçilər arasında baş verən toqquşmaya soyuq münasibət göstərilməsi olub.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Intel şirkətinin baş direktoru Brayn Krzaniç bəyan edib ki, Şuradan çıxma səbəbi kritik problemlərə zəmin yaradan, bölünmüş və zərər görmüş siyasi iqlimə diqqəti cəlb etməkdir.
Dərman firması Merck-in baş direktoru Kennet Frayzer Məsləhət Şurasından ona görə çıxıb ki, prezidentin Virciniyadakı toqquşmaya reaksiyasını məqbul hesab etmir. Freyzer ekstremizmə və qeyri-tolerant yanaşmaya qarşı olduğunu vurğulayıb.
Digər üçüncü şirkətin də baş direktoru Kevin Plank Şuradan çıxdığını tvitter hesabından elan edib: “Biz yenə də Amerika manufakturasını inkişaf etdirmək qabiliyyətimizdən və potensiallımızdan arxayınıq, lakin Under Armour yeniliklər və idmanla məşğuldur, siyasətlə deyil”.
Tramp Merck şirkətinin baş direktoruna tvitter hesabında cavab verib. “Ken Frayzer Prezident yanında Manufaktura Şurasından istefə verib, indi onun vaxtı olacaq ki, dərman qiymətlərini aşağı salsın” – Tramp tvitter hesabından yazıb.
Tramp əlavə olaraq qeyd edib ki, Merck şirkəti ən yüksək qiymətlərlə dərmanları satır və xaricdə iş məkanları açır. “İşləri ölkəyə geri gətir və qiymətləri aşağı sal” – yazaraq Tramp baş direktora səslənib.
Trampa qarşı digər liderlər də çıxıblar. 2010-cu ildə Kaliforniya ştatında Respublikaçılardan qubernator və hazırda “Hewlett Packard Enterprises” şirkətinin baş direktoru Meg Uaymen də Frayzerə dəstək verdiyini açıqlayıb.
“Goldman Sachs”ın baş direktoru Lloyd Blankfeyn tvitter hesabından Linkoldan sitat gətirib. “Özünə qarşı bölünən ev dayana bilməz” - Llyod qeyd edib.
Ağ Ev bazar günü (13 avqust) Trampın mitinqdə baş verənlərlə bağlı söylədiklərinə Ku Kluks Klan və neofaşist qruplarını aid etdiyini bildirib.
Demokratlar və Respiblikaçılar Trampın baş verən hadisələrlə əlaqədar gec münasibət bildirməsini tənqid etmişdilər. Tramp məsələyə ilkin münasibətində qeyd etmişdi ki, bu, bir çox tərəflərdən fanatikliyin, nifrətin və şiddətin qorxunc üzüdür.
Ağ Ev gələn tənqidlər üzərinə Trampın münasibətinə aydınlıq gətirib. Ağ Ev rəsmən bəyan edib ki, Tramp buraya qatı millətçiləri, neofaşistləri və KKK qruplaşmalarını da aid edir.
Gələn tənqidlər üzərinə Tramp da ikinci açıqlamasını verib və irqçiliyi cinayət adlandırıb. Tramp qatı millətçiləri, KKK-ni də şiddətə səbəb olduqlarına görə cinayətkar hesab etdiyini bəyanlayıb.
758 dəfə oxundu