ABŞ texniki defoltla üz-üzədir - TƏHLİL

ABŞ texniki defoltla üz-üzədir -
Fövqəldövlətin defoltu qlobal iqtisadiyyatı alt-üst edə bilər
ABŞ-da defolt təhlükəsi günbəgün artır. Bu fikir ilk baxışdan gülməli səslənə bilər, çünki ABŞ-la "defolt" anlayışı arasında Marian çökəkliyi dərinliyində ara var, amma əslində reallıq ölkədə texnoloji defolt təhlükəsinin yarandığını göstərir. Ölkədə son prezident seçkilərindən sonra müşahidə olunan siyasi qeyri-müəyyənlik fonunda bu fakt narahat etməyə bilməz.


MƏSƏLƏNİN MƏZMUNU


Bu həftənin əvvəlində ABŞ Xəzinədarlığı dövriyyəsi dörd həftə olan veksellər yerləşdirib. İlk baxışdan bu, adi hadisədir, amma nüans ondan ibarətdir ki, bu veksellərin ödəmə tarixi oktyabrın 5-də başa çatır və beləliklə bu qiymətli kağızlar texniki defoltdan sonra ilk ödənilməyən qiymətli kağızlar ola bilər. Faktiki olaraq, əgər sentyabrın son günlərinə kimi ABŞ-ın dövlət borcunun yuxarı həddi artırılmazsa, oktyabrın 5-də həmin veksellər üzrə ödəniş aparılmayacaq və bununla da texniki defolt elan olunacaq. Söhbət ondan getmir ki, ABŞ-ın pulları qurtarıb, sadəcə olaraq, ABŞ büdcəsində dövlət borcuna (digər xərclərlə yanaşı) xidmət edilməsi üçün müəyyən xərclər nəzərdə tutulur ki, o həcm eyni zamanda ölkənin dövlət borcunun yuxarı həddini əks etdirir. Yuxarı həddi artırmaqla, büdcəyə əlavə vəsaitlər ayrılır, bu proses baş verməzsə, onda dövlətin öhdəlikləri üzrə ödənişlər üçün Maliyyə Nazirliyin heç bir qanuni əsası olmur və ödənişlər dondurulur. Formal da olsa, Maliyyə Nazirliyi və ya xəzinənin pulları qurtarır, çünki onları xərcləmək üçün qanuni əsas olmur və xərclənmə istiqamətləri və həcmləri müəyyən edilməməsinə görə faktiki olaraq büdcə böhranı yaranır. Bu, heç də nəzəriyyə deyil. Belə ki, 2013-cü ilin oktyabrında büdcə üzrə Obama administrasiyası ilə Konqresin ortaq məxrəcə gələ bilməməsi nəticəsində büdcənin qəbulu ləngidi və ABŞ-ın hökumət ödənişləri, o cümlədən, dövlət borcunun xidmət edilməsi yarım aya donduruldu. Sonra həm konkret punktlar üzrə kompromislər əldə olunub, ən əsası isə həm icra, həm qanunvericilik hakimiyyət başa düşüb ki, bu vəziyyət iqtisadiyyata, ABŞ-ın nüfuzuna, ümumilikdə ölkəyə yalnız mənfi təsir edir. O zaman məsələ öz həllini tapıb, bəs indi necə analoji hal təkrarlanacaqmı?


VƏDLƏRDƏN REALLIĞA ÇƏTİN YOL


Avqustun sonlarında ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib ki, o, Konqresin və Senatın hər iki partiyanın liderləri ilə dövlət borcun yuxarı həddinin artırılması məsələsini müzakirə edib və əminliklə bildirib ki, yuxarı hədd məhz sentyabrda artırılacaq. O deyib ki, bütün tərəflər eyni mövqeyindədir. Xüsusən ABŞ-da siyasi qeyri-müəyyənliyi nəzərə alsaq, bu, çox nikbin bəyanatdır. Son aylar ərzində prezident Donald Tramp bütün məsləhətçilərini itirib - onlar vəzifələrindən kənarlaşdırılıb, yoxsa özləri prezidentin siyasəti ilə razı olmadığından getdilər, bu heç də vacib deyil. Fakt odur ki, ABŞ hakimiyyətində maliyyə dili ilə desək böyük volatillik müşahidə olunur, adi sözlə isə - daxili və kadr siyasətində heç bir sabitlik yoxdur. Tramp ötən ilin noyabrında prezident seçiləndən sonra belə iddialar səslənirdi ki, qərarlarda, siyasətlə bağlı məsələlərdə gözlənilməzlik hökm sürəcək. Bəzi müşahidəçilərin fikrincə, hazırda prezidentlə Konqres arasında Meksika sərhədində divar tikilməsi və onun maliyyələşdirilməsi məsələsi üstündə ciddi fikir ayrılığı mövcuddur ki, bu vəziyyət bütün digər məsələlərə də "keçə bilər". Avqust ayında Senatla Konqres prezident administrasiyasının mövqeyi ilə razı idi, bu o demək deyil ki, indi də razıdır və gərginlik yaranmayacaq. Uzağa getmək lazım deyil, bu ilin iyununda Demokrat Partiyasının Konqresdə rəhbəri Nensi Pelosi bəyan edib ki, borcun yuxarı həddinin artırılmasına dair müvafiq qanun layihəsi iyul ayında böyük və ciddi müzakirələr olmadan qəbul ediləcək. Edilibmi? Xeyr. Müzakirələr aparılırmı, onlar ciddidirmi, onu bilmirik, amma fakt odur ki, artıq sentyabrdır, qanun qəbul olunmayıb, hətta müzakirələrə çıxarılmayıb və nəticədə texniki defolt yaxınlaşmaqdadır.

Xatırladaq ki, 2015-ci ilin noyabrında dövlət borcu haqqında qanunun qüvvəyə minməsi müvəqqəti dayandırılıb. Lakin bu ilin mart ayında limit məsələsi yenidən qüvvəyə salınıb və 19,8 trln. dollar səviyyəsində müəyyən edilib.

Maliyyə naziri həmçinin avqust bəyanatında bildirib ki, ABŞ defolta yol verməyəcək və borclara tam xidmət etmək niyyətindədir. Təəssüf ki, prezidentin məsləhətçilər və kabinetin digər üzvlərinin taleyi onu göstərir ki, kabinetin istənilən yüksək vəzifəli nümayəndəsinin fikri heç də o demək deyil ki, prezident də həmin fikirdədir. Donald Trampın seçkiqabağı ritorikasının və bəyanatlarında biri də o olub ki, ABŞ dövlət borcunu, o cümlədən xarici borcunu azaltmalıdır və bu istiqamətdə işlər aparılacaq. Bəlkə, texniki defolta baxmayaraq, bütün neqativ amillərə fikir vermədən, müvafiq addımlar məhz indi görüləcək? Bütün bu cavabsız suallar və yaranan qeyri-müəyyənlik nəticəsində ABŞ-ın (hələlik yalnız ABŞ-ın) maliyyə bazarında investorlar və digər iştirakçılar arasında narahatlıq yaranıb. Nəticədə, artıq indidən, xəzinədarlıq istiqrazların gəlirliyi artmaqdadır. Belə ki, birillik istiqrazlar üzrə gəlirlik 1,21%, onillik istiqrazlar üzrə isə 2,7%-ə çatıb. İstiqrazlar üzrə gəlirliyin artması şübhəsiz olaraq bazarda narahatlıqdan xəbər verir. Müəyyən mənada Trampla razı olmamaq olmaz, çünki ABŞ-ın dövlət borcu təxminən 20 trln. dollara bərabər olmaqla, artıq ÜDM-i üstələyir və bu həcmin azaldılması zəruridir. Lakin bunun üçün müəyyən təhlil aparılmalıdır və əvvəlcədən hazırlıq işlər görülməlidir ki, bunları bir anda, texniki defoltun yaxınlaşması dövründə etmək olmaz. Amma biz belə fikirləşirik, investorlar belə fikirləşir, reallıqdan isə heç kimin xəbəri yoxdur, buna görə də bazarda tədricən narahatlıq güclənir, gələcək günlərdə borcun yuxarı həddinin artırılması istiqamətində addımlar atılmazsa, narahatlıq çaxnaşmaya çevrilə bilər.

NƏTİCƏNİN YEKUNU VƏ YA YEKUN NƏTİCƏ

ABŞ-ın texniki defoltu, xüsusən də, onun uzanmasının Amerika maliyyə bazarlarına, iqtisadiyyatına, dünya maliyyə bazarına və iqtisadiyyatına neqativ təsiri barədə danışmnağa dəyməz. Bu barədə ən yaxşı fikri S&P reytinq agentliyinin baş iqtisadçısı Bet Bovino deyib. Onun sözlərinə görə, ABŞ-ın dövlət borcunun yuxarı həddinin artırmaması 2008-2009-cu illərdə yaranmış böhrandan daha faciəli nəticələrə gətirib çıxaracaq ki, bu da böhrandan sonra ABŞ-da və dünyada yaranmış iqtisadi artımı heçə endirəcək. Əgər dünyanın ən etibarlı iqtisadiyyatı onun öhdəlikləri üzrə defolt elan etsə, bütün dünyada yarana biləcək çaxnaşmanın miqyasını heç düşünmək belə mümkün deyil. Faktiki olaraq, ödəmələrin mütləqliyi sual altına düşsə, maliyyə bazarı tam olaraq alt-üst ola bilər.

On il bundan əvvəl kim bilirdi ki, ABŞ-da ipoteka "köpüyün" partlaması o dərəcədə mənfi nəticə verəcək ki, on il ərzində bütün dünyada böhranla mübarizə hələ də bitməyəcək və əldə edilmiş xırda nailiyyətlər həm Avropada, həm ABŞ-da, həm Asiyada küləkli havada alov kimi qorunacaq? Məsələ də ondadır ki, indi konkret proqnoz vermək mümkün deyil, amma dünya maliyyə sistemində bəlkə də dönməz "dağıntılar" yaranacağı şübhəsizdir.

ABŞ-ın rəhbərliyi bütün bunları başa düşür - vədlər öz yerində, amma reallıq onu tələb edir ki, borc üzrə limit qaldırılmalıdır. Müzakirələr aparılacaq, fikirlər tam ayrı ola bilər, hətta texniki defolt yarana bilər (2013-cü ildəki kimi), amma ümid etmək lazımdır ki, bundan başqa heç nə baş verməsin. Prinsipiallıq yaxşı şeydir, amma o vaxta qədər ki, ətrafdakılara zərər vurulmur. Trampdan əvvəlki prezidentləri də misli görünməmiş dövlət borcu narahat edirdi, amma vəziyyət həmin yerdə qalırdı. Ümid edək ki, indi də belə olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
893 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...