Hillari Klinton Trampı təhqir edib
ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton özünün yeni çapdan çıxan “Nə baş verib?” adlı kitabının təqdimat mərasimi zamanı prezident Donald Trampın seçkilərdə onu məğlub etmək üçün Rusiya ilə sövdələşməyə girdiyinə əmin olduğunu deyib. Virtualaz.org Qərb KİV-lərinə istinadən bildirir ki, Hillari Klinton indiyədək Trampın Rusiya ilə işbirliyinə dair bu cür qəti danışmamışdı.
Demokratların namizədi deyib ki, Trampın yaxın çevrəsi Rusiyanın seçkiyə müdaxiləsinə kömək edib.
Klitonun 495 səhifəlik kitabında Tramp haqda sərt ifadələr yer alır. Hillari Klinton onu "mənfur və açıq-aşkar seksist" adlandırır. O yazır ki, "Tramp bu ölkə və dünya üçün aşkar və real bir təhlükədir". Klinton qeyd edir ki, "bu fırıldaqçı və yalançı onun tüklərini ürpədir".
"USA Today" qəzetinə Rusiya əlaqələri barədə müsahibə verən Klinton deyib ki, Trampla ruslar arasında qəti şəkildə kommunikasiya və anlaşma olub. "Mənim buna heç bir şübhəm yoxdur: Putin mənim məğlubiyyətimi və Trampın qələbəsini istəyirdi" - keçmiş birinci ledi və keçmiş dövlət katibi deyib.
Rusiya ilə Tramp arasında sövdələşmənin olub-olmadığı barədə suala Klinton "əminəm ki, olub" cavabını verib.
Tramp kampaniyası və Rusiya arasında əlaqələri hazırda xüsusi prokuror Robert Müller və Konqresin bir neçə komitəsi araşdırır. Klinton öz kitabında yazır ki, Müllerin təhqiqatı Watergate qalmaqalının təhqiqatından daha ciddidir. O həmçinin deyib ki, Putin ondan "şəxsi qisas" alıb.
Klinton yazır: "Mən təkcə Donald Trampa qarşı yarışmırdım. Mən Rusiyanın kəşfiyyat aparatı ilə üzbəüz idim…Bu normal siyasət oyunu deyildi. Bu, başqa söz tapa bilmirəm…müharibə idi".
Hillari Klinton kitabında habelə FTB-nin o vaxtkı direktoru Ceyms Komini tənqid atəşinə tutur. Komi seçkiyə bir neçə gün qalmış Klintonun e-maillərinə dair təhqiqatın başlandığını elan etmişdi. Klinton öz partiyadaşı Bernie Sandersi də ittiham edir.
O yazır: "Bunlar hamısı mənə qarşı gələn qüvvələr idi. Mən Sandersdən və onun tərəfdarlarından gözlədiyim dəstəyi görmədim və bu, çox ağırdır".Klinton kitabında Trampın yanaşmasını Corc Oruellin "1984" əsərinə bənzədir və yazır ki, o "həqiqətə qarşı müharibə" aparırdı.
Kitabda deyilir ki, məhz sovetlər özlərini bu cür aparır, tarixi fotolardan siyasi dissidentləri silirdilər. Klinton bildirib ki, o məğlubiyyətin ardınca antidepressant həblərdən imtina edib və əvəzində “Chardonnay “şərabı içib.
Donald Trampa gəlincə isə, o bu hadisəyə də Tvitterdə münasibət bildirib: "Başqalarının məni tanımadan mənim haqqımda kitab, böyük-böyük məqalələr yazmasını görmək heyrətamizdir. SAXTA XƏBƏRLƏR". Ağ Evin mətbuat katibi Sarah Sanders isə deyib ki, xanım Klintonun siyasi həyatının son fəslini "saxta və məsuliyyətsiz hücumlara" həsr etdiyini görmək kədərlidir.
1123 dəfə oxundu