Türkiyə, İran və İraq orduları Şimali İraqa qoşun yeridə bilər — türk generaldan AÇIQLAMA

Türkiyə, İran və İraq orduları Şimali İraqa qoşun yeridə bilər —

“Referendumdan sonra İraqda qurulacaq “Kürdistan dövləti” Türkiyənin, İranın, İraqın və Suriyanın dövlət maraqlarına və ərazi bütövlüyünə təhlükə yaradır”.

Bu fikirləri “Ölkə.Az”-a eksklüziv açıqlamasında Türkiyə Aviasiya Universitetinin rektoru, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan bildirib.

K.Atılgan deyib ki, bölgədə qondarma “Kürdistan dövləti” yaratmaqla Türkiyənin, İranın, İraqın və Suriyanın ərazi bütövlüyünə qarşı məkrli planlar hazırlanır:

“Ona görə də Türkiyə ilə bərabər, İran, İraq və Suriya hökumətləri “Kürdistan dövləti” planına qarşı birgə hərəkət etməlidir. Çünki “Kürdistan” layihəsi bu coğrafiyanı müharibə meydanına çevirmək istəyənlərin planıdır. Qərb burada kürd məsələsindən sui-istifadə etməyə çalışır. Əslində isə “Kürdistan dövləti referendumu” nə kürdlərin, nə də digər xalqların firavanlığı üçün atılan addım deyil. Birinci Dünya Müharibəsindən sonra bu coğrafiyaya istənilən nəzarəti etmək planının iflasa uğradığını görən xarici qüvvələr yeni bir plan hazırlayıblar. Həmin plana uyğun olaraq da İraqda “Kürdistan dövləti”nin yaradılması ilə bağlı “referendum” keçirilib. Ancaq bu vəziyyəti daha da alovlandıracaq”.

Türk general qeyd edib ki, keçirilən qondarma “referendum” bölgədə vəziyyəti daha da ağırlaşdıracaq:

“Hələ bu “referendum” keçirilməmişdən öncə də Türkiyə və İran bu addıma qarşı olduqlarını bəyan ediblər. İraq mərkəzi hökuməti də Türkiyə və İranın mövqeyini dəstəkləyib. Çox təəssüf ki, yaranan vəziyyət bölgədə müharibə riskini artırıb. Ümumiyyətlə, “Kürdistan dövləti referendumu” Türkiyə və İranı müharibəyə sürükləmək üçün atılan xain addımdır. Qərb yaxşı görürdü ki, bölgədə Türkiyənin nüfuzu ildən-ilə daha da artır. Hətta, İraqın Şimalında yaşayan əhali Türkiyənin tərkibində yaşamaq istəyir. Ancaq biz qonşu dövlətlərin ərazi bütövlüyünə hörmət etmək prinsipi ilə hərəkət edirik. Çox təəssüf ki, Qərbin əli ilə İraq ərazisində Türkiyə, İran, İraq və Suriyaya qarşı hiyləgər həmlə həyata keçirilir. Hesab edirəm ki, Türkiyə, İran, İraq və Suriya da bu həmləyə adekvat cavab verməlidir. Bunun da əsas çıxış yolu, Türkiyə, İran, İraq və Suriya hökumətləri tərəfindən Bərzaniyə qarşı ciddi iqtisadi və hərbi sanksiyalar həyata keçirtmək, sərhədləri bağlamaq və sairədir. Hətta, Barzaniyə qarşı hərbi addımlar da atılmalıdır. Əks halda region dövlətlərinin ərazi bütövlüyü hədə və təhlükələrlə üzləşəcək. Burada ən çox Türkiyənin üzərinə vəzifələr düşür”.

Rektor vurğulayıb ki, Şimali İraqa nəfəs verən “həyat damarları” Türkiyədən keçir:

“Bunu ABŞ və digər Qərb dövlətləri də yaxşı bildiyi üçün Suriyanın Qərbindən Aralıq dənizinə çıxışı təmin edəcək dəhlizin yaradılması planına start verilib. Ona görə də həmin ərazilərə ABŞ-ın dəstəyi ilə PYD və PKK terror təşkilatları nəzarət edir. Bütün bunlar isə Türkiyə, İran, İraq və Suriya üçün təhlükə yaradır. Bu planın əsas məqsədi də yüzilliklər boyu bölgədə türkləri özlərindən asılı vəziyyətdə saxlamaqdır. Təbii ki, bu Qərbin xain planıdır. Ancaq bu bölgənin tarixi və nüfuz sahibi olan Türkiyə, İran və digər dövlətlərin də əks planları olmalıdır. Hazırda da bu istiqamətdə müvafiq addımlar atılır”.

Türk general deyib ki, 2016-cı ilin 15 iyul tarixində baş verən hadisələrin əsl məqsədi bu gün üzə çıxmaqdadır:

“Qərb hələ o zamandan bəri Türkiyə Silahlı Qüvvələrinə necə nüfuz etməyin yollarını düşünüb. Buna 2016-cı ilin 15 iyul hadisələri zamanı cəhd edilib, ancaq xain qüvvələr istəklərinə nail ola bilməyiblər. Əgər 2016-cı ilin 15 iyulunda Qərbin xain adamları olan qiyamçılar qalib gəlsəydi, bu gün onlar bölgədə, Türkiyədə və Şimali İraqda öz istəklərini asanlıqla həyata keçirəcəkdilər. Çünki Qərbin məkrli planlarına qarşı olan ən böyük güc Türkiyə Silahlı Qüvvələri idi. Türkiyə Silahlı Qüvvələrini zəiflətmək üçün Qərb dəfələrlə müxtəlif planlar həyata keçirib. Ancaq şükürlər olsun ki, Qərbin bütün planları, o cümlədən “FETÖ əməliyyatı” iflasa uğrayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
835 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...