Məmur dəbdəbəli toya görə cərimələndi, işdən çıxarıldı - 300 adam dəvət edibmiş
Tacikistan Milli Kitabxanasının keçmiş direktoru Saifiddin Nazarzoda 12 min somoni (1350 dollar) məbləğində cərimə cəzasına məhkum edilib. Cərimə «Adət, mərasim və ayinlərin tənzimlənməsi haqqında» Qanunun pozulması ilə bağlıdır. Tacikistanda ilk dəfə məhkəmə toy mərasimi qaydalarına hörmət etmədiyinə görə keçmiş dövlət məmurunu cəzalandırıb.
Tacikistan paytaxtının İsmoili Somoni rayon məhkəməsinin qərarı ilə S.Nazarzoda-nın qudası Tojiddin Habibulloev daha az, 5 min somoni (560 dollar) məbləğində cərimələnib.
Sentyabrın 28-də Düşənbə Şəhər Prokurorluğundan olan dövlət ittihamçısı məhkəmədən keçmiş direktoru sözügedən qanunu pozduğuna görə 12.5 min (1400 dollar) somoni məbləğində cəzalandırmağı tələb edib. Prokuror bundan başqa Nazarzodanın qudası T.Habibulloevin də 5 min somoni (560 dollar) cərimələnməsini istəyib.
Məhkəmə prosesində Nazarzoda və vəkili məhkəmənin qərəzli keçməsindən gileyləniblər. Onlar dövlət maliyyə nəzarəti və korrupsiya ilə mübarizə agentliyi, dini işlər üzrə dövlət komitəsi və Düşənbə Şəhər Prokurorluğunun Nazarzoda barəsində iş açmaqla onun hüquqlarını pozduğunu iddia edirlər.
Tacikistanın Maliyyə nəzarəti və korrupsiya ilə mübarizə agentliyi hesab edir ki, S.Nazarzoda oğlu Firdavs-ın paytaxtın «Şoira Lüks» restoranında keçirilən toyuna 300-dən artıq qonaq çağırmaqla qanunu pozub.Qeyd edək ki, sözügedən qanuna görə, qonaqların sayı 150 nəfəri keçməməlidir.
Sentyabrın 21-də S.Nazarzoda məhkəmə iclasında deyib ki, «oşi nahor» mərasimini gəlinin valideynləri təşkil edib, onun özü isə restoranın qarşısında qonaqları qəbul etməklə məşğul olub. O deyib ki, bəy evində keçirilən qonaqlığa 50 nəfər, «oşi nahor» mərasiminə isə 70 nəfər dəvət edilib. Keçmiş kitabxana direktorunun qudası T.Habibulloev də bunu təsdiqləyib.
S.Nazarzoda antikorrupsiya idarəsi əməkdaşlarının restorana dəvətsiz girərək, plov yeyə-yeyə «oşi-nahor» mərasiminin qonaqlarını videokamera ilə çəkmələrindən narazılıq edir. Onun sözlərinə görə, onlar bəzi qonaqları bilərəkdən bir neçə dəfə çəkiblər ki, sonradan qanunu pozmaqda ittiham etsinlər. Ancaq maliyyə nəzarəti və korrupsiya ilə mübarizə agentliyinin əməkdaşları məhkəmədə bildiriblər ki, yeməyə əllərini də vurmayıblar.
Antikorrupsiya idarəsinin Tacikistan Milli Kitabxanasının keçmiş direktorunun oğlunun toyundan çəkdiyi reportaj avqustun 8-də axşam saatlarında «Toçikiston» telekanalında yayımlanıb. Reportajın efirə getməsindən dərhal sonra S.Nazarzoda ittihamı rədd edib.«Bu, gəlinin ailəsinin təşkil etdiyi «oşi nahor» mərasimi idi, «oşi nahor»a 150-170 qonaq gəlmişdi ki, bu da kameralara düşüb», – deyə o bildirib.
Telereportajın efirə getməsindən bir həftə sonra Nazarzoda tutduğu vəzifədən azad edilib.
Xatırladaq ki, iyulun 11-də Tacikistan prezidenti Emomali Rahmon «Adət, mərasim və ayinlərin tənzimlənməsi haqqında» Qanunun dövlət məmurları tərəfindən pozulmasına görə cəzaları sərtləşdirməyə çağırıb. O deyib ki, əksər hallarda mövcud qanunların tələblərini pozanlar vəzifəli şəxslər, dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşları, sahibkarlar və imkanlı şəxslər, onların uşaqları və yaxın qohumları olur.
Dövlət başçısı prezidentin icra aparatına, Ədliyyə Nazirliyinə və başqa müvafiq qurumlara iki ay ərzində hökumətə qanunu pozan məmurların vəzifələrindən uzaqlaşdırılmaları haqda çıxarış təqdim etməyi tapşırıb.
E.Rahmon qanunu pozan digər vətəndaşlara, o cümlədən sahibkar və din xadimlərinə tətbiq olunan cərimənin məbləğini də dəfələrlə artırmağın vacibliyini vurğulayıb.
1324 dəfə oxundu