Putini həbs etmək istəyən zabit, sonralar onunla necə dostlaşdı – Patruşevin həyat hekayəsi

Putini həbs etmək istəyən zabit, sonralar onunla necə dostlaşdı –

Bu ilin 10 aprel tarixində Rusiya Təhlükəsizlik şurası sədri Nikolay Patruşev növbəti dəfə Bakıya öz rəsmi səfərini edir. Adi qaydada, səs-küysüz ötüşən bu səfərə biz o qədər də diqqət ayırmazdıq. Əgər ortada müəyyən müəmmalar olmasa. Müəmmalar isə bir deyil...iki deyil. Çoxdu. Vallah, çoxdu.

Əvvəla, Patruşevin xüsusi təyyarəsi Bakıdan sonra qəfil yolunu elə havadaca dəyişib - Aşxabadda yerə enib. Əvvələcən planlaşdırdığı kimi, həmin gün - 12 aprel 2017-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov, Astanaya uçub orda öz qazaxıstanlı həmkarı Nazarbayev ilə görüşməli imiş. Ancaq Patruşevin qəfil səfəri bu görüşü bir neçə gün təxirə salır. Türkmən prezidenti məcbur qalır həmin gün Nazarbayev ilə deyil, Patruşev ilə görüşsün.

Deyilənə görə, həmin gün Aşqabadda “Türkmənqaz” dövlət konsernin gələcək taleyi də həll edilirmiş. Patruşev, həmin gərgin iclasda canlı iştirak edib, yaxud qiyabi? Bu barədə hələki son fikir söyləmək tezdi. Ancaq konsernin rəhbəri kimi Moskvapərəst Murad Arçayev təsdiqlənib. İclasdakılar təkcə bununla kifayətlənməyiblər. “Türkmənqaz”-ın birinci müavininə də iclasda xeyir-dua veriblər. Qısası, türkmən qazı mövzusunu uzun illər sonrayadək həll ediblər özləri üçün. Sonra...ancaq sonra Berdıməhəmmədov uçub Astanaya. Orda bütün bunları Nazarbayevin qulaqlarına pıçıldayıb.
İki ay əvvəl isə Patruşevin oğlu Andrey - “Qazprom neft”-in sədr müavini, Xəzər şelfində işləyən “Sentrkaspneftqaz” şirkətinə rəhbər təyin edilibmiş sən demə.

Yaxşı, kimdi, nəçidi Nikolay Patruşev - Rusiya Təhlükəsizlik Şurası sədri? Niyə vaxtaşırı, ildə bəzən iki-üç dəfə Bakıya səfər edir o? Məqsədi nədi? Gəlin bunu aşağıda özümüz üçün ayırd edək.

DOSYE: Nikolay Patruşev. Doğum tarixi 11 iyul 1951, Leninqrad.

BOYU: 183 sm.

ÇƏKİSİ 79 kq.

ULDUZ BÜRCÜ: Xərçəng.

VALİDEYNLƏRİ: Mənşəcə uzaq, soyuq Arxangelskin Podomo kəndindəndir. Babası İqnati Patruşevin məzarı bu kəndin kasıb qəbiristanlığında indi də qalır. Atası Platon Patruşev əla ovçuymuş. Müharibə vaxtı dəniz kapitanı kimi tanınıb. SSRİ-yə hərbi yardım daşıyan ABŞ, Britaniya gəmi karvanlarını faşist təyyarələrindən qoruyub Şimal Buzlu Okeanında. Anası Antonina Nikolayevna diplomlu kimyaçı olsa da, ömrü boyu dərzi işləyib Leninqradda. Tikiş qoymaqda, don biçməkdə ad çıxarıb qranit Neva sahillərində. Müharibə zamanı özünü itirməyib - oxşar tikişləri yaralıların bədənində təkrarlayıb. Tibb bacısı olub ön cəbhə xəttində.

Nikolay Patruşevdəki müsbət cəhətlər - şəxsi təcrübədən geniş faydalanmaq məharəti, anında qərar qəbul etmək istedadı, dözümlülük... Bütün bunlar ona valideynlərindən qalmadı. Anası dərziliyini cərrahlıqda davam etdirib. Atası öz ovçuluq istedadını hərbiçiliyə transfer edib.

Qısası, Patruşevdə zərgər dəqiqliyi yoxdu - əvəzində dərzi dəqiqliyi var. Uzaq hədəflərə sevgisi isə ailəvi dənizçi ənənələrindən gəlir.

***



2017-ci ilin aprel tarixində Bakı-Aşxabad səmasında qəfil manevr edən Patruşev məhz bu təcrübəsinə söykənib. Yerdə deyib, bəs, Moskvaya uçur. Ancaq son macalda təyyarəsinin iti dimdiyini Aşxabada yönəldib.

Hə...Patruşev olan yerdə hadisələr eyni anda həm göylərdə, həm yerdə qəlizləşə bilər. Belə qoşa düyünləri isə, təcrübə göstərir, postsovet məkanında yalnız bircə nəfər çözə bilir - RF Təhlükəsizlik Şurası sədri Nikolay Patruşev. 2015-ci ilin mayında növbəti dəfə Bakıdaykən o, bu istedadını bir daha sərgiləyib.

Səfərin lal videogörüntüləri hələ itməyib. Hələ də internetdədir. Eldar Mahmudov ilə Nikolay Patruşevin görüşü də həmçinin. Çəkiliş səssizdi. Ancaq öz dramatik mənzərəsi ilə seçilib yadda qalır.

***

ONUN UNİVERSİTETLƏRİ: Leninqradın ən səviyyəli, fizika-riyaziyyat təmayüllü 211 saylı orta məktəbində Nikolay Patruşev həm öz bəxtini tapır, həm istedadını cilalayır. Həm də sədaqətli əla sinif yoldaşları qazanır özünə. Məktəb yoldaşlarının siyahısına bir baxın - gələcək RF Dumasının sədri Boris Qrızlov. Gələcək FTX rəhbəri Sergey Smirnov. Sankt-Peterburqun indiki meri Gerorgiy Poltavçenko. Və sair və ilaxır.

Leninqrad Gəmiqayırma İnstitutunu Patruşevlər ailəsi həmişə bir növ ikinci ev bilib özləri üçün. Uşaqlarını - o cümləsən Nikolayı bu ünvanda oxudublar. Atası, institutun “Məxfi şöbəsi”ndə çalışıb uzun illər.

Şöbə əməkdaşları, institutdakı tələbələrə fikir verib görürlər aralarında yalnız biri - Nikolay, gələcək KQB zabitinə vacib cəhətlərə artıq indidən malikdi. Müvafiq söhbətdən sonra Nikolay Patruşev göndərilir Minskdəki qapalı xüsusi məktəbə. 1975-ci ildə “əks-kəşfiyyatçı” peşəsinə yiyələnir orda. Ancaq, nədənsə onu xarici ezamiyyətlərdən kənarda saxlayırlar bir ara. Çox sirləri etibar etmirlər.



BƏXT ULDUZU: FTX rəhbərliyinin etibarını, diqqətini çox-çox sonralar, hardasa 1991-ci ilin sonunda qazanır o. Sözü verək burda məşhur siyasi xadim S.Stepaşinə: “İdarəmdə hərdən qəfil yoxlamalar aparırdım. Diqqət edirdim kim şənbə günləri də işləyir. Gözünü bilgisayarlardan kənara çəkmir. Beləsi bircə nəfərdi idarəmdə - Nikolay Patruşev. O, səhv etmirəmsə “Qaçaqmalçılığa və korrupsiyaya qarşı mübarizə şöbəsi”nin sədri idi Leninqradda. Danışdıq. Bir-birimizin əllərini möhkəmcə sıxdıq lap axırda. O gündən sıx əməkdaşlığımız başladı”.

Lakin çox da aldanmayın boğazdan yuxarı deyilən bu sözlərə. Bu romantik mənzərələrə. Şənbə günü işləmək, bilgisayar qarşısında saatlarla oturmaq səhnələri, razıyam, təsirlidir. Ancaq o səviyyədə deyil ki, adamın taleyini dəyişsin. Stepaşinlə deyil, Putin ilə görüş, həəəə... Patruşevin bəxt ulduzunu göylərdə alışdırır birdən-birə. Deyilənlərə görə, Patruşev əvvəl-əvvəl gənc Putini möhkəmcə güdürmüş. İstəyirmiş hətta barəsində həbs qəti imkan hökmü çıxarsın. Son anda qəfil, necə deyərlər, “şahmat taxtası üzərində fiqurların yeri dəyişir”. Həbsə bir başqası atılır. Putin ilə Patruşev isə əllərini möhkəm sıxıb əməkdaşlığa başlayırlar.
***

Patruşev, romantik adam deyil. Soyuqqanlıdı. Uzaqgörəndi. Bütün işlərini iki nüsxədə görər bir növ. Dostlarını qoşa seçər. Eyni anda iki məqsəd güdər ki, biri yansa, digəri salamat qalsın. Putinlə dostluq edə-edə o, Stepaşini də unutmur. Bir əldə iki qarpız tutmağı ilə yadda qalır - həm Stepaşinin şəxsi təhlükəsizliyinə cavabdeh olur, həm də RF tərkibindəki Kareliya respublikasının.



KARYERA PİLLƏKANI: Çiyinlərindəki paqonlara general ulduzları məhz o zaman qonur bizim bu Patruşevin.

O vaxt da Patruşev yuxusuna haram qatıb şənbə günləri də möhkəm işləyir. FTX-nin “Kadrlar şöbəsi” rəhbəri kimi (1994-98) gecələr yatmır. Nəhayət, qərara gəlir, RF rəhbərliyindəki bütün mülkü şəxsləri FTX kadrları ilə əvəzləsin. RF rəhbərliyindəki bütün sonrakı təyinatlar, hətta Putinin hakimiyyətə gətirilməyi belə, bu siyasi xətt üzrə baş tutur. Baş memarı kim olur bu prosesin?
Əlbəttə Nikolay Patruşev.

Deyirsiz, Putinin öz vəzifələrini sonralar adətən Patruşevə ötürməyi kor təsadüf nəticəsidi? Məncə yox...

Dostlar - Putin ilə Patruşev, əvvəlcə Prezident Aparatının Dövlət Nəzarəti şöbəsinə yiyələnirlər. Putin, aparat rəhbəri təyin edildikdə öz yerini bircə nəfərə etibar edir - Nikolay Patruşevə. “Təhvil-təslim” oyunu indiyədək davam edir. Hər gün yeni məzmun qazanır özünə.
***

YENİ ZADƏGANLAR: Nikolay Patruşev, möhkəm FTX təəssübkeşidi. Hesab edir, məhz FTX kadrları üzərində yeni Rusiya elitası, zadəganlar nəsli yetişdirilməlidir. Patruşevin təklifi ilə “Yeni zadəganların” siyahısını, Rusiya İmperator Evinin ömürlük rəhbəri Mariya Vladimirovna Romanova özü şəxsən imzalayır. Siyahıda Patruşevin də adı var.

AİLƏ VƏZİYYƏTİ: Həyat yoldaşı Lyudmilanı 2001-ci ildə itirmiş Nikolay Patruşev, necə deyərlər, indi təkdi. Nəvələri ilə başını qatır.
İDMANÇI: Şimali Qafqazdakı vəhhabilərlə amansız döyüşlərə 1999-cu ildən rəhbərlik edən Patruşev qarlı zirvələri çox sevir. Cari cəza tədbirlərinə özü şəxsən qatılarkən adətən alpinizmi unutmur. Bir əliylə görürsən terrorçuları qırır Qafqazda, digəriylə qələbə bayrağını özü şəxsən sancır uca Elbrus zirvəsinə.

O, hətta uzaq cənub qütbünün - Antarktidanın göbəyinə, özü də daxil, desant heyəti çıxarıb. 2007-ci ildə. İki helikopter ilə birgə gedib çıxıb bu soyuq qitənin düz ortasına. Ora, Rusiya bayrağını sancıb. Hesab edir ki, eyni bayraq Şimal qütbünə də sancılmalıdır. Arktikadakı təbii sərvətlərin isə bircə sahibi var - rəsmi Moskva.



ÜNVANINA İTTİHAMLAR: Lyubanka meydanındakı məşhur FTX binası, okeandakı adanı xatırladır. Bilmək olmur, işçilər bu adaya hardan daxil olur, hardan eşiyə çıxırlar. Qonşuluğundakı “Dinamo” cəmiyyətinin gözəl binası bu baxımdan çox maraqlıdır. İddialara görə, idarənin gizli, kənar gözlərdən uzaq 40-cı qapısı məhz bu məxfi ünvandadır.

Möhtəşəm “Lyubanka” restoranı da yenə orda, həmin nöqtədə yerləşir. Sahibi - “Kvorum-invest” şirkətinin rəhbəri Aleksandr Qordiyenko, bir əlində iki qarpız tutur. Həm də RF Voleybol Federasiyasında müavinlik edir. Federasiyanın sədri isə Nikolay Patruşevdi.

Patruşevin maddi maraqlarını çoxları bax bu ünvanlarda görərlər. Sonra cürətlənib “Milli Hərbi fond”un adını qulaqlara pıçıldayarlar.
***

Vladimir Putin, bir başqa işə keçərkən öz köhnə vəzifələrini adətən ikicə nəfərə - Sergey Narışkin ilə Nikolay Patruşevə etibar edib. Bəli, siyahıda indi yalnız bu ikicə nəfərdi. Seçim, bu dar çərçivədə həyata keçiriləcək.

Hər ikisinə də, şükür, Azərbaycana qarşı müsbət simpatiya müşahidə etmişəm. İnşallah, həmişə qoy belə olsun.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...