Tacikistanda dövlət çevrilişinə cəhd: 17 nəfər həlak olub

Tacikistanda dövlət çevrilişinə cəhd:


Tacikistanın Daxili İşlər Nazirliyi bildirib ki, paytaxt Düşənbəyə bitişik Vəhdət qəsəbəsindəki polis idarəsinə və nazirliyin binasına edilən hücumda 8 polis nəfəri öldürülüb. Rəsmilər baş verənlərdə vəzifəsindən azad edilimiş nazir müavini general Aduhalim Nazarzodanı ittiham edirlər. Onlar deyirlər ki, general terrorçu qrupa rəhbərlik edib. Düşənbədəki ABŞ səfirliyi bağlanıb və xəbərdarlıq edib ki, bu hücumlar daha böyük basqınların başlanğıcı ola bilər.

Cümə günü dövlət xəbər agentliyinin yaydığı məlumatda deyilir ki, “mütəşəkkil cinayətkar qruplaşma” Vəhdətin daxili işlər departamentinə və Düşənbədəki Daxili İşlər Nazirliyinin binasına silahlı basqın edib. Bəyanatda bildirilir ki, hücum edənlər çox sayda silah və sursatı özləri ilə apara biliblər. Bu da xəbər verilir ki, general Nazarzodanın rəhbərlik etdiyi qrup Romit dağları ərazisinə çəkilib. Hakimiyyət orqanları generalı və onun dəstəsini axtardıqlarını bildirir. Müşahidəçilər deyirlər ki, Tacikistanda itaətsizlik çox nadir hadisədir, lakin bu hücum ölkənin ictimai həyatında İslamın rolu ilə bağlı ziddiyyətlərin mövcudluğunu göstərir.

Belə ki, əhalisinin böyük əksəriyyəti dindar müsəlman olan Tacikistanda müstəqillik əldə ediləndən bəri dünyəvi quruluş bərqərar edilib. Son illərdə yaranmış iqtidsadi çətinliklər bu ziddiyyətləri daha da kəskinləşdirib. Bunun nəticəsində gənc taciklər arasında İslamın daha radikal təriqətləri populyarlıq qazanır. Ötən həftə Tacikistanın Ədliyyə Nazirliyi İslam Dirçəliş Partiyasının fəaliyyətini qadağan edib. Bu, ölkədə yeganə dini partiyadır. General Nazarzodaya gəldikdə isə o, keçmiş Birləşmiş Tacik Müxalifətinin (BTM) üzvüdür. BTM 1990-cı illərin vətəndaş müharibəsi zamanı hökumətə qarşı vuruşub, lakin 1997-ci ildə qrupun iştirakı ılə barışıq hökuməti yaradılıb.

Müxbirlər bildirirlər ki, son toqquşmalar hazırda bu barışığın ciddi sınağa çəkildiyini, BTM və avtoritar prezident Emomali Rahmonun hökuməti arasında münaqişənin şiddətləndiyini göstərir. E.Rahmon artıq 20 ildir ki, hakimiyyətdədir və 2013-cü ildə keçirilmiş son prezident seçkisində 83,6 faiz səslə yenidən qalib gəlib.

Beynəlxalq müşahidəçilər bildiriblər ki, sakit və dinc keçən seçkidə real rəqabət yox idi. Bu da qeyd olunmalıdır ki, Tacikistan ərazisində Rusiyanın hərbi bazası var ("Azadlıq" radiosu).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1148 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...