“Ermənistan hərbi məğlubiyyətə uğradı...” - İşxan Verdyan
Ermənistanda iyunun 20-nə təyin edilmiş erkən parlament seçkilərinə hazırlıq işləri sürətlə davam edir. Seçki kampaniyasına erməni siyasətçilərdən əlavə qondarma “Qarabağ klanı” üçün çalışan xarici qüvvələr də fəal şəkildə qoşulub. Təbii olaraq, Marqarita Simonyanın rəhbərlik etdiyi “Russia Today” (RT) telekanalı bu siyahıda ön sıradadır.
Ötən gün RT kanalı “Dəyişikliklərin dəyəri. Populizm və Hakimiyyət uğrunda Mübarizə Texnologiyaları” filmini yayımlayıb.
Təxminən bir saat davam edən “sənədli film”də Nikol Paşinyan bütün baş verənlərdə günahlandırılır, “Qarabağ klanı” isə “süddən çıxmış ağ qaşıq” kimi görünür. Erməni lideri Rusiyanın müxalifət lideri Aleksey Navalnı ilə müqayisə edilir, Paşinyanın Ermənistandakı həqiqi dəstəyi barədə isə bir söz deyilmir (baxmayaraq ki, bu sosioloji sorğuların məlumatları ilə təsdiqlənib).
Tanınmış erməni fəalı və bloqer İşxan Verdyan Caliber.Az-a bununla bağlı şərh verib. Onun sözlərinə görə, RT-nin çəkdiyi filmin mesajı küçədən gələn insanların ölkəni məhv etmək, dağıtmaq, ərazilərini itirmək iqtidarında olmalarını göstərməkdir:
“Bu istənilən tərəfə yönəltməyin mümkün olduğu siyasi ismarıcdır. Filmin içində həqiqət olsaydı maraqlı görünərdi, amma yoxdur, bu, yalandır”, - deyə o, bildirib.
Erməni fəal yalan dedikdə müharibə zamanı Ermənistanın nəyisə itirdiyi barədə süjeti nəzərdə tutduğunu bildirdi.
“Bir şey anlaşılmalıdır. Bəli, Ermənistan hərbi məğlubiyyətə uğradı, ancaq heç nə itirmədi, sadəcə 30 ilə yaxındır daşıdığı “iqtisadi yüklə” vidalaşdı. Mən Azərbaycanın işğal olunmuş rayonlarını nəzərdə tuturam. Milliyyətindən asılı olmayaraq, hər iki tərəfdə həlak olanlar üçün çox təəssüflənirəm. Ancaq bu müharibənin nəticəsini məğlubiyyət hesab etmək olmaz, çünki Ermənistan öz sərhədləri daxilində qaldı”.
Müsahibin sözlərinə görə, sözügedən film yalan konsepsiyası üzərində qurulub və seçkidən əvvəl yayımlanıb.
“Bu, seçicilərə təsir göstərmək, Ermənistanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirilə bilər”, - deyə Verdyan vurğulayıb.
950 dəfə oxundu