İranın Baş Qərargah rəisini Moskvaya aparan 3 səbəb

İranın Baş Qərargah rəisini Moskvaya aparan 3 səbəb

"Tehran ABŞ, Rusiya və İsrailin təhlükəsizlik şuraları sədrlərinin görüşündən narahatdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqirinin Rusiyaya başlanan səfərini dəyərləndirərkən deyib. Həmsöhbətimiz düşünür ki, səfər çərçivəsində 3 məsələnin müzakirə predmeti olacağı gözlənilir:

Bildiyiniz kimi, ABŞ, İsrail və Rusiyanın təhlükəsizlik şuraları sədrlərinin görüşü planlaşdırılır. Hansı ki, bu görüş birbaşa İranla bağlıdır. Tehran isə Moskvanın sözügedən müzakirələrdə sərgiləyəcəyi davranışdan əmin deyil. Çünki Rusiya zaman-zaman dostlarına qarşı fərqli mövqe sərgiləyir. Bu fonda Moskvada səfərdə olan Baş Qərargah rəisi ABŞ, Rusiya və İsrail arasında olacaq həmin görüşdə İranın nüvə məsələsinin müzakirə predmeti olub-olmayacağını şimal ölkəsinin hərbi rəhbərliyindən soruşacaq”.

Ekspertin fikrincə, Moskva səfəri zamanı İranın Baş Qərargah rəisi Türkiyənin Suriyadakı fəaliyyətini də müzakirə edə bilər:

"Moskvadakı görüşdə ikinci bir məsələ Suriya ilə bağlı olacaq. Suriyada vəziyyət yenidən kritik hal alıb. İdlibdəki gərginliklə yanaşı, Türkiyə-ABŞ və ikincinin dəstəklədiyi PKK-nın Suriya qolu arasında da gərginlik artır. PKK terrorçularının Suriyadakı Türkiyə ordusuna qarşı hərbi təxribatları intensivləşib. Bu xüsusda ABŞ-la Türkiyə arasında da gərginlik var. Ərdoğan bildirib ki, bundan sonra Suriyada heç nə əvvəlki kimi olmayacaq. Bu isə o deməkdir ki, Ankaranın ABŞ və ya Rusiyanın geosiyasi maraqlarını nəzərə alması artıq geridə qaldı.

Deməli, hər hansı hərbi təxribat olduğu təqdirdə, Türkiyə tərəfindən dördüncü hərbi hərəkatın başlanması ehtimalı böyükdür. Bu xüsusda Suriyanın Mümbiç və Telrifat bölgələrində hərbi təxribatlar törədən YPG terrorçuları zərərsizləşdiriləcək. Bu məsələlər Türkiyənin siyasətində dəyişikliyin olduğunu göstərir. Belə vəziyyət isə Tehranı narahat etdiyindən bu ölkənin yüksək çinli hərbçiləri Türkiyənin addımlarına dirəniş göstərmək üçün yaranmış durumu Rusiya hərbi rəhbərliyilə müzakirə etmək istəyirlər”.

Natiq Miri qeyd edir ki, İran da Rusiyadan S-400 raketlərini almaq istəyir:

"Moskva görüşündə həmçinin Azərbaycan və Ermənistan sərhədindəki gərginlik və İranın bununla bağlı mövqeyi də danışıqlar predmeti ola bilər. İran Rusiyadan bəzi silahları, əsasən də S-400 raketlərini almaqda maraqlıdır. Belə bir mövzunun müzakirəsi də gözləniləndir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...