And içdi, ilk qadın prezident oldu - Peruda nə baş verir?

And içdi, ilk qadın prezident oldu -
Perunun vitse-prezidenti Dina Boluarte ölkə parlamenti Pedro Kastilonu devirdikdən sonra ölkənin yeni prezidenti kimi and içib.
Yeniavaz.com xəbər verir ki, beləliklə, Boluarte Perunun ilk qadın prezidenti olub.
Parlamentdəki çıxışında o, Kastillonun çevriliş cəhdini pisləyib və həm Konqresdə, həm də Parlamentdən kənarda təmsil olunan bütün siyasi qüvvələri geniş dialoqa çağırıb. Boluarte, həmçinin bütün siyasi qüvvələrin nümayəndələrinin daxil olacağı hökumətin yaradılmasının zəruriliyini bəyan edib.
Qeyd edək ki, son gün ərzində baş verən hadisələr kimi ölkədə bir sıra siyasi qalmaqallar baş verib. Belə ki, Kastillo korrupsiyada ittiham olunub, həmçinin yaxın adamlarını, lazımi keyfiyyətlərə malik olmayan şəxsləri dövlət vəzifələrinə təyin etməkdə günahlandırılıb.
Bütün bunların fonunda keçən həftə parlamentarilər çərşənbə gününə planlaşdırılan prezidentin impiçment prosedurunun başlanmasına səs veriblər. Kastillo isə iclası gözləmədən ötən gecə Konqresin buraxıldığını və komendant saatı tətbiq olunduğunu elan edib. O, həmçinin yeni parlamentin seçilməsi, konstitusiyanın dəyişdirilməsi və ölkənin məhkəmə sistemində islahatların aparılmasının vacibliyini bəyan edib.
Siyasətçinin bu bəyanatı həm Parlament, həm də ölkənin Konstitusiya Məhkəməsi tərəfindən kəskin rədd edilib və Kastillo dövlət çevrilişinə cəhddə ittiham olunub. Polis və ordu Konqresin tərəfini tutub. Bir neçə saat sonra hökumət sarayını tərk edərək paytaxt meriyasına gedən Kastillo ictimai asayişi kobud şəkildə pozmağa cəhd, vəzifə səlahiyyətlərindən sui-istifadə və iğtişaşlara təhrik etməkdə ittiham edilərək hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
“El Comercio” nəşrinin məlumatına əsasən Kastillo hazırda polis tərəfindən saxlanılır və bir sıra cinayətlər törətməkdə ittiham olunaraq 10 sutka müddətinə istintaq təcridxanasına salınıb. Bunlardan ən ciddisi üsyana cəhddir ki, (Peru Cinayət Məcəlləsinin 346-cı maddəsi) 10 ildən 20 ilədək həbs cəzası nəzərdə tutur. Bundan başqa, eks-dövlət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişi pozmaqda ittiham olunur. Devrilmiş prezident onun dövründə başlanmış korrupsiya cinayətləri ilə bağlı bir sıra cinayət işlərində də iştirak edir.
Yerli mətbuatın məlumatına görə, paytaxt Limanın parlament binasına bitişik ərazisi polis tərəfindən mühasirəyə alınıb. Hüquq-mühafizə orqanları həm Castillo tərəfdarlarının, həm də əleyhdarlarının təzahürlərindən qorxur. Çərşənbə günü baş verən hadisələr fonunda ölkə supermarketlərində siyasi qarşıdurmanın kəskinləşməsi ehtimalından narahat olan alıcılar növbələrə düzülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
683 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...