““Dövlətqanqınkom” 2016-cı ildə 40 milyon manata qənaət edəcək” - Əli Həsənov
“Hələ də 150 min nəfər məcburi köçkün Bakıda istismara yararsız yataqxana, pansionat, yarımçıq tikililərdə olduqca çətin şəraitdə yaşayır. Vaxtilə təklifimiz nəticəsində Abşeron rayonunun Qobu qəsəbəsində yaşayış massivinin layihələndirilməsinə başlanıldı. Hesab edirəm ki, Bakı şəhərində vəziyyəti yüngülləşdirməyin çıxış yolu, imkan yarananda, həmin yaşayış massivinin layihələndirilməsi və tikilməsidir”.
Modern.az-ın məlumatına görə, bu sözləri Baş nazirinin müavini, “Dövlətqanqınkom”un sədri Əli Həsənov yanvarın 10-da Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında deyib.
Əli Həsənov bildirib ki, ölkə başçısının tapşırığı əsasında məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin tam təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb. Həmin təkliflər aidiyyəti nazirlərlə müzakirədən sonra yaxın vaxtlarda ölkə başçısına təqdim ediləcək.
“Məlumat üçün bildirirəm ki, 2015-ci ildə komitəyə ayrılmış büdcədən, yaranmış maliyyə çətinlikləri nəzərə alınaraq, 5 milyon manat vəsaitə qənaət edilib”,-deyə Əli Həsənov bildirib.
1008 dəfə oxundu