Uğursuz, səriştəsiz prezident - Makron Fransanı fəlakətə sürükləməkdədir - ANALİZ

Uğursuz, səriştəsiz prezident -
Fransa prezidenti Emmanuel Makron ən çox müzakirə olunan siyasətçi kimi gündəmdə qalmaqdadır. Bunun da əsas səbəbi daxili və xarici siyasətdə Fransaya yaşatdığı uğursuzluqlardır. Artıq dünyada uğursuz, səriştəsiz ölkə başçısı kimi tanınır. Təsadüfi deyil ki, məhz onun idarəçiliyi dövründə Fransanın dünyadakı nüfuzu da azalıb. Bir vaxtlar ədəbiyyat, mədəniyyət mərkəzi kimi tanınan Fransa və onun paytaxtı Parisin adı bu gün vətəndaşlara qarşı zorakılıq, etirazlar, çirkab suları ilə yada düşür. Bütün bunlar isə Fransanı dünyanın məşhur KİV-lərinin manşetlərinə çıxarır. Məsələn, bu günlərdə İspaniyanın ABC nəşrində yer alan məqalədə Makron ən təcrid olunmuş prezident kimi səciyyələndirilib: “Şəxsi qərarlarının qurbanı olan Emmanuel Makron Fransanın davamlı hal almaq riski daşıyan institusional iflicini dərinləşdirir və ən təcrid olunmuş dövlət başçısına çevrilir”.

İyulun 26-dan avqustun 11-dək Parisdə keçirilən növbəti Yay Olimpiya Oyunları zamanı müşahidə olunanlar Fransanın və Makron hökumətinin dünyada azalan nüfuzuna daha bir zərbə oldu. Belə ki, dünyanın ən böyük idman tədbiri hesab olunan Olimpiya Oyunları sözün əsl mənasında rəzilliklərlə yadda qaldı və fiaskoya çevrildi. İdmançıların Sena çayında virusa yoluxmasından tutmuş, rumıniyalı gimnast Ana Barbosun qazandığı gümüş medalının əlindən alınmasına, şəhər sakinlərinin paytaxt mərkəzindən çıxarılaraq ucqar ərazilərə aparılmasına qədər müxtəlif faktlar Olimpiadanın Fransa hakimiyyətinin belə demək mümkünsə, kabusuna çevrildiyini deməyə əsas verir.

Fransa özünü dünyada demokratiyanın əsas mərkəzlərindən biri kimi tanıtmağa çalışır. Yelisey Sarayı bu məsələdə hətta digər dövlətlərə nümunə olmağa çalışır. Bu, pis deyil. Amma Fransa hakimiyyəti gərək əvvəlcə “öz gözündəki tiri görsün ki, sonra başqasının gözündə çöp axtarsın”.


Məsələ burasındadır ki, hələ 2023-cü ildə Fransada əlcəzairəsilli gəncin öldürülməsi ölkənin “qara səhifələrindən” biri oldu. Həmin hadisədən sonra paytaxt Parisdə və digər şəhərlərdə hakimiyyət əleyhinə genişmiqyaslı etirazlar başlandı. 2022-cü ildə isə Fransada irqi zəmində 13 nəfər öldürülmüşdü.

Bir neçə il əvvəl BMT-nin İnsan hüquqları üzrə ali komissarı Mişel Baçelet yaydığı hesabatda bildirmişdi ki, dünyada polis tərəfindən 190 afrikamənşəli öldürülüb. Onların hamısı irqi ayrı-seçkiliyin qurbanı olub. Onun sözlərinə görə, hadisələrin 98 faizi Avropa ölkələrində baş verib. Afrika mənşəlilər irqi ayrı-seçkiliklə ən çox Fransada üzləşirlər. Bu zorakılığa və aparteidə qarşı çıxanlar isə polis dəyənəkləri, gözyaşardıcı qazlar, bəzən isə güllələrlə qarşılanır. Qərb ölkələri isə Fransa da daxil olmaqla başqa dövlətlərdə baş verən uyğun halları demokratik dəyərlərin, o cümlədən sərbəst toplaşmaq, söz və fikir azadlıqlarının pozulması kimi qiymətləndirirlər. Fransa kimi ölkələr də Afrika mənşəlilərin səsini batırmağa səy göstərirlər. Halbuki Fransa başda olmaqla bəzi Avropa ölkələri uzun illər Afrikada yerli sakinləri soyqırımına məruz qoyublar. Onlar, o cümlədən Fransa tarixlərindəki bu qara xəstəliyi heç vaxt təmizləyə bilməyəcəklər. İnsanlıqdan uzaq əməllərlə məşğul olan Fransa hakimiyyəti o dövrün hakimiyyətlərinin varisi sayılmaqla bərabər həm də əməllərinin davamçılarıdır.

Ölkədə zaman-zaman E.Makronun istefası da tələb olunub. Bunun səbəbləri sırasında ölkədə insan azadlıqlarının məhdudlaşdırılması var. Son illər Fransada irqi ayrı-seçkilik pik həddə çatıb. Bu, müntəzəm olaraq əhalinin narazılığı, hakimiyyətə qarşı çıxışları ilə nəticələnir. Oxşar hadisələr, demək olar, hər il yaşanır. Xüsusilə müsəlmanların bu ölkədə polis təqiblərinə və şiddətinə məruz qalması daim gündəmdə olan mövzulardandır. Fransanın Əlcəzair və Ruanda da milyonlarla müsəlmanı qətlə yetirməsi azmış kimi indi də belə hadisələr Fransanın daxilində baş verir və bu da vəziyyətin acınacaqlı olmasından xəbər verir.


Hələ 2023-cü ildə BMT Fransada baş verən hadisələrə münasibət bildirərək qeyd etmişdi ki, ölkənin hüquq-mühafizə orqanlarında irqi ayrı-seçkilik problemlərinə ciddi yanaşmağın vaxtı çatıb.

Başqa bir məqam rəsmi Parisin kolonial siyasəti ilə bağlıdır. Belə ki, Fransa ayrı-ayrı Afrika ölkələrində müstəmləkəçilik siyasəti aparmaqla həmin ərazilərdə özünün təsir gücünü artırmağa çalışır. Yəni təsir gücü naminə insanların hüquq və azadlıqlarını görməzdən gəlir. Bu isə Makron hökumətinin digər ölkələrə öyrətmək iddiasında olduğu demokratik dəyərlərlə üst-üstə düşmür.

Qeyd edək ki, Fransanın xarici siyasət kursu da adekvat deyil. Rəsmi Parisin müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazda nümayiş etdirdiyi siyasət onu deməyə əsas verir ki, mövcud Fransa hakimiyyəti qanla qidalanır. Belə ki, Fransa müxtəlif regionlarda əvvəlcə toqquşmalar yaradır, sonra isə tərəflərdən birinə silah satmaqla öz bazarını yaradır. Yeri gəlmişkən, deyək ki, Cənubi Qafqazda Fransa üçün bu rolu Ermənistan oynayır.


Bütün bunlar həm də E.Makronun komandasının ondan uzaqlaşması ilə nəticələnir. Belə ki, ABC nəşrinin iddiasına görə, Makron baş nazir səlahiyyətlərini icra edən, iyunun 30-da və iyulun 7-də keçirilən növbədənkənar seçkilərdə uğursuzluqdan sonra istefa verən hökumətin başçısı Qabriel Attal ilə nə açıq şəkildə, nə də özəl olaraq əlaqə saxlamır. Həmçinin bildirilib ki, Olimpiya Oyunlarının başa çatmasından sonra istefa verən daxili işlər nazirləri Jerald Darmanin, iqtisadiyyat naziri Bruno Le Mer və xarici işlər naziri Stefan Sejurne vurğulayıblar ki, onlar gələcək hökumətin mümkün varislərinin adlarını belə fərziyyə şəklində təqdim etmədən əşyalarını yığırlar.

Beləliklə, görünən odur ki, Paris Olimpiya Oyunları “bardağı daşıran son damla” olub. Əgər E.Makron daxili və xarici siyasət kursu ilə bağlı ciddi redaktələr etməsə, gələcəkdə Fransanı daha ciddi sınaqlar gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...