"Azərreyl"də nə baş verir? - Prezident işdən çıxarıldı, taekvondoçu rəhbər təyin edildi

"Azərreyl"də nə baş verir? -

"Azərreyl" klubunda növbəti dəfə prezident dəyişikliyi olub.

Prosport.Az-ın əldə etdiyi məlumata görə, Orxan Kərimov prezident postundan çıxarılıb. Ötən mövsüm başlanmazdan öncə bu posta təyin olunan, 3,5 milyonluq büdcə ilə klubu idarə edən O.Kərimovun yeyintilərə yol verdiyi bildirilir.

Düzdür, federasiyadan onun ayrılmağını Dubaydakı biznesi ilə əlaqələndirirlər. Ancaq tarixində ilk dəfə "Azərreyl" həm qadın, həm də kişi komandası ilə çempion olub, eyni zamanda müsahibəsində klubda işini davam etdirmək istədiyini bildirib. Bu səbəbdən onun klubdan öz istəyi ilə ayrılması mümkünsüz görünür.

Bu məsələ "Azərreyl"in növbəti mövsümkü büdcəsinə də təsirsiz ötüşməyib. Belə ki, Azərbaycan son illərdə ilk dəfə olaraq avrokuboklarda iştirak etməyəcək. Halbuki "Azərreyl"in həm kişi, həm də qadın komandası çempion kimi avrokubokda çıxış etməli idi. Bunun da səbəbi məhz "Azərreyl"də baş verən maliyyə maxinasiyası ilə bağlıdır.

Artıq "Azərreyl"in yeni prezidenti də açıqlanıb. Prosport.Az-ın əldə etdiyi məlumata görə, Orxan Kərimovun yerinə taekvondo üzrə dünya və ikiqat Avropa mükafatçısı, IV İslam Həmrəylik Oyunlarının qalibi Ramin Əzizov təyin olunub.

Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinin (DGK) sədri olarkən bu qurumda vəzifə alan, baş leytenant rütbəsində olan 36 yaşlı R.Əzizov məhz bu xətlə "Azərreyl"in başına gətirilib. Bu yerdə xatırladaq ki, Azərbaycan Voleybol Federasiyası DGK-nın kurasiyasındadır, rəhbərlikdə yer alan şəxslərin çoxu bu qurumu təmsil edir.

Yeri gəlmişkən, Orxan Kərimovu da, Ramin Əzizovu da bu posta təyin edən Voleybol Federasiyasının vitse-prezidenti, DGK sədrinin I müavini Bəhruz Quliyevdir.

Əslində son illər federasiyada belə təyinatlar çoxdur. Məsələn, ötən il federasiyaya icraçı direktor təyin olunmuş Vidadi Hacıyev də voleybolla əlaqəsi olmayan şəxs idi. O, sadəcə DGK-da Əlbəyaxa döyüş üzrə təlimatçı olduğundan, bu vəzifəyə gətirilmişdi. Artıq o da işindən azad edilib və yerinə Vüqar Hüseynzadə təyin olunub.

33 yaşlı Vüqar Hüseynzadə isə voleybol yox, futbol camiəsinə tanış simadır. O, 2012-ci ilin fevralında (20 yaşında) Hafiz Məmmədovun prezidenti olduğu "Bakı" klubunda əvvəlcə müşavir, həmin ilin noyabrında isə A komandanın meneceri təyin olunmuşdu. Onun futbol klubuna "Football Manager" kompüter oyununun qalibi olmasına görə təyin olunması o zaman BBC, ESPN, "New York Times" kimi məşhur nəşrlərdə böyük təəccüblə qarşılanmışdı. Ancaq onun "Bakı" fəaliyyəti çox qısa çəkdi. Lakin onun "Bakı"dan niyə ayrıldığı haqda heç bir rəsmi məlumat verilmədi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
243 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...