Daha bir qurum insanları cərimələməyə başladı - "Aztelekom"un rəqəmsal xəracı - FOTO
“Aztelekom” abunəçilərini 140 manat cərimə etməyə başlayıb.
Qurumun mətbuat xidmətindən, internet xəttini çəkən adamlardan öyrənirik ki, internetin aylıq haqqını gecikdirənlər cərimələnirlər.
Gətirilən arqument isə baş verən hadisədən daha betərdir.
Bunlar hesab edir ki, quraşdırdıqları yeni aparatlar pulsuz verildiyi üçün ödəniş məsələsinə ciddi nəzarət olunur və cəza kimi cərimə tətbiq edilir.
Abunəçi internetdən imtina etsə və ya başqa provayderə keçsəydi, cərimə olunmağı məntiqli saymaq olardı. Axı, aylığı gecikdirən abunəçilər də həmin ayın pulunu zatən ödəyirlər. Ödənişin gecikməsi əslində, istifadəçiyə yox, şirkətə sərf edir – internet dərhal dayanır, heç bir internet xərclənmir, amma buna baxmayaraq, internet xərclənməyən günlərin pulu alınır.
Belə olduğu halda cəriməyə nə hacət?
İşin əndrəbadi tərəfi həm də odur ki, bunların abunəçilərin gözünə soxduğu müqavilələrdə qiymət 18 manat göstərilib, öhdəliklər də həmin məbləğə uyğun götürülüb. Sən özünün öhdəliyini yadına salmırsan, müqavilədə dəyişiklik etmədən, müştərilərin fikrini soruşmadan, heç xəbərdarlıq da etmədən qiyməti 25 manata qaldırırsan, sonra gəlib müqavilənin hansısa bəndinin pozulmasını əsas gətirirsən.
Bu necə müqavilədir ki, yalnız bir tərəfin hüquqlarını qoruyur? Bəlkə, həmin vaxt qiymətlər 25 manat göstərilsəydi, ödənişin vaxtında ödəniləcəyi öhdəliyi götürülməyəcəkdi?
İkinci, niyə məhz 140 manat?! Bu nəyə, hansı qanuna, hansı hesablama düsturuna əsaslanır?
Ümumiyyətlə, müştərinin cərimələnməsi hansı qanunla tənzimlənir?
Qiyməti qaldırıb, sürəti azaltmaq da qanun pozuntusudur… İstədiyiniz vaxt interneti kəsdiyinizdə, sürəti minimuma endirdikdə siz müştəri qarşısında hansı məsuliyyəti daşıyırsız? Azərbaycan yəqin, yeganə ölkədir ki, əhalinin 95 faizinin istifadə etdiyi bir xidmət sahəsində istehlakçının hüququnu qoruyan heç bir qanun, heç bir qurum, heç bir QHT yoxdur.
Yeganə sahədir ki, istifadəçilərin əksəriyyəti narazıdır. Amma bir nümunə yoxdur ki, istifadəçilər öz hüquqlarını qorusun, bir məhkəmə prosesi keçirilsin və ya bərbad xidmətə görə məsuliyyət daşıyan qurumlar üzr istəsinlər, hansısa kompromisə getsinlər. Sən ya zəlzələdən, ya vəlvələdən, öhdənə düşən işi yerinə yetirmirsən, insanları keyfiyyətli internetlə təmin edə bilmirsən. Bundan utanmaq, ayıbbına qısılmaq əvəzinə abunəçilərinin üstünə gedirsən, gündə bir hoqqa verirsən, şərtlərini daha sərtləşdirir, qiymətlərini kəllə-çarxa qaldırır, müştərilərin heç bir narazılığını nəzərə almırsan.
Bilmək olmur, bunlar xidmət göstərirlər, yoxsa xalqa xərac kəsib, tasa oturdurlar.
“İstəsən də budur, istəməsən də” tərziylə, ağa ədasıyla işləyən, xalqla heç bir kontakt qurmayan, ona yalnız pul kisəsi kimi baxan qurumun adına baxın – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. Tamaşa! Reallıqla naziliyin adı arasında böyük bir rabitəsizlik…
İnternetdə çox axtardıq, heç bir inkişaf etmiş ölkədə internet provayderlərinin müştəri gecikmələri zamanı cərimələr tətbiq etməsi nümunəsinə rast gəlmədik. Əksinə, müştəriləri aldatdıqları, götürdükləri öhdəlikləri yerinə yetirmədikləri üçün provayderlərin cəzalandırılması hallarını gördük. Bu işlərlə məşğul olan dövlət qurumlarının olduğunu müəyyən etdik.
Bu gün cərimə olunanlar əsasən yeni çəkilən GPON xəttinə qoşulmuş abunəçilərdir. GPON (Gigabit Passive Optical Network) layihəsinə 85 milyon vəsait ayrılıb. Əlbəttə ki, belə layihələrdən nə qədər çırpışdırıldığı hamıya bəllidir. Üstəlik, bu layihə heç də vəd olunduğu kimi insanlara kəsintisiz, sürətli internet bəxş etmədi, əhalini daha artıq pul ödəməyə, sonara isə cərimələrə düçar etdi.
Görəsən, Rəqəmsal İnkişafın Nazirliyində çalışanlar sosial şəbəkələri, mətbuatı oxuyurlarmı? Oxuyurlarsa, bu qədər narazılığı, üsyan səviyyəsinə çatan etirazları niyə görməzdən gəlirlər?
Dünən sosial şəbəkə aktivisti, tanınmış aparıcı İdris Cəfərlinin statusu mətbuatın manşetini bəzəmişdi:
Bakupost.az
“İlon Mask sputniklə camaata internet paylayır, mən isə pulunu verirəm, amma 100 meqabitimi ala bilmirəm. Deyirəm ki, heç nəyə əsəbləşməyəcəm, amma artıq neçə gündür, internetim işləmir. Bir gün ödəniş etməyəndə internetimi kəsirsiniz. Deyirlər ki, onu kompüter kəsir. Soruşuram ki, internetim yoxdur, nə edə bilərəm? Deyirlər ki, heç nə, gözləyin, təmir edəcəyik. Çox absurd, gülməli vəziyyətdir. 2024-cü ildə adi internet nədir ki?”
Hələ insanların çoxunun bu anoloqu olmayan 140 manat cərimə məsələsindən xəbəri yoxdur. Bu, kütləviləşəndə yüksək texnologiyanız etirazların qarşısını necə alacaq?! bakupost
259 dəfə oxundu