Qubad İbadoğlu: “Ölkədə hər gün 138 nəfər iş yerini itirir”
"Azərbaycanda hər gün orta hesabla 138 nəfər, hər ay isə 4134 nəfər iş yerini itirir". Bu sözləri tanınmış iqtisadçı-alim, ADR Hərəkatının sədri Qubad İbadoğlu Dövlət Statistika Komitəsinin son məlumatlarını Hurriyyet.org-a təhlil edərkən bildirib:
"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində ölkədə 37,2 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 76,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bağlanan iş yerlərinin 63,9 faizi fərdi sahibkarlıq subyektlərinin, 17,0 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 19,1 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlardaaparılan ixtisarlarla əlaqədar olub. Bu isə o deməkdir ki, Azərbaycanda hər gün orta hesabla 138 nəfər, hər ay isə 4134 nəfər iş yerini itirir."
Q.İbadoğlunun fikrincə, bu məlumatları təhlil edib, dəyərləndirərkən 3 məqama diqqət yetirmək lazımdır: "Əvvala, iş yerlərinin bağlanmasını əks etdirən rəsmi məlumatlar mövcud gerçəkliyi tam və düzgün göstərə bilmir, çünki bir çox müəssisələr və fərdi sahibkarlar bağlanmış iş yerlərinə dair hesabatlarını vaxtında təqdim etmirlər. İkincisi, işləyənlərin heç də hamısı rəsmi uçota düşmədiyindən, gizli məşğulluq mövcud olduğundan qeydiyyatdan kənar çalışanların işinin bağlanması ilə bağlı məlumatlar Dövlət Statistika Komitəsinin hesabatında əks etdirilmir. Nəhayət, iş yerlərinin bağlaması dinamikası hər ay artımla müşahidə olunur və bu tendensiya mövsümi işlərlə əlaqədar olaraq payız-qış fəslində daha da güclənir".
912 dəfə oxundu