Ermənistanın sərvətlərimizi talamasına kimlər dəstək olur?
Bu günlərdə ABŞ-ın dəstəyi ilə Ermənistanın Enerji infrastrukturu və Təbii Sərvətlər və İqtisadi İnkişaf Nazirliyi, HSBC bankının iştirakı ilə Ermənistanın mədən sənayesinin inkişafı barədə konfrans keçirilib
Heç kimə sirr deyil ki, Azərbaycanın işğal olunmuş ərazilərində dağ-mədən məhsulları istismar olunaraq, Ermənistana daşınır və daha sonra Ermənistandan xaricə satılır. Elə isə ortaya bir sıra ciddi suallar çıxır: Həmin konfransı təşkil edənlər bunu bilmirlərmi? Belə bir tədbirin keçirilməsi Azərbaycanı narahat etməlidirmi?
XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a müsahibəsində bildirib ki, narahatlıq üçün ciddi əsas var:
- Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii resurslar, o cümlədən dağ-mədən ehtiyatları Ermənistan tərəfindən istismar olunur. Ekoloji standartlara cavab verməyərək, qeyri-qanuni şəkildə işğal edilmiş ərazilərdən hasil edilən mədən sənayesi məhsulları xammal kimi Ermənistana gətirilir və Ermənistanın metal əritmə və digər saflaşdırma zavodlarında emal olunur. Nəticə etibarilə, xam məhsul və ya yarı-fabrikat formasında ixracı həyata keçirilir.
Bildiyiniz kimi, bu il Xarici İşlər Nazirliyi əsasən erməni açıq mənbələrində əks olunmuş məlumatlar əsasında “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatı təqdim edib. Hesabatda qeyd edilir ki, təbii ehtiyatlarla zəngin Azərbaycanın işğal olunmuş ərazilərində əlvan metal filizləri, qızıl, civə, mis, qurğuşun, daş kömür və sink, perlit və digər təbii resurslarla zəngin yataqlar da daxil olmaqla, 155-ə yaxın qiymətli daş, mineral və adi metal yataqları mövcuddur. Bunların sırasında Qızılbulaqdakı qızıl-mis-kolçedan yataqları, Dəmirli, Canyataq-Gülyataqdakı mis-qızıl və molibden yataqları (Tərtər rayonunun işğal olunmuş hissəsi), Söyüdlü, Ağdüzdağ, Tutxumdakı qızıl yataqları (Kəlbəcər), Veynalıdakı qızıl yataqları (Zəngilan), Mehmana, Şorbulaqdakı qurğuşun yataqları (Kəlbəcər), Sarıbulaq, Ağyataq, Levçay, Şorbulaq, Qamışlı, Ağqaya (Kəlbəcər, Laçın), Çilgəzçay, Narzanlıdakı (Laçın) civə yataqlarını qeyd etmək olar. Bu yataqlar və digərləri Ermənistan tərəfindən vəhşicəsinə talan edilir.
- Bu işdə ermənilərə kömək edən şirkətlər hansılardır?
- Təəssüf ki, əsasən Kanada, Rusiya, Almaniya, İsveçrə kimi ölkələrdən olmaqla, bir sıra əcnəbi fiziki və hüquqi şəxslər beynəlxalq hüququ, Azərbaycanın və öz ölkələrinin milli qanunlarını, korporativ sosial məsuliyyət və biznes etik qaydalarını kobud şəkildə pozaraq, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni şəkildə dağ-mədən sənayesinin istismarına cəlb olunublar.
- İstismar olunan təbii sərvətlərin dəyəri haqqında məlumat varmı?
- Ermənistanın statistik məlumatlarına əsasən, işğal edilmiş ərazilərdən çıxarılmış qiymətli mineral və metalların ixracının həcmi ilbəil artmaqdadır. Əgər 2010-cu ildə 3,5 milyon ABŞ dolları dəyərində qiymətli mineral və metallar ixrac edilmişdirsə, 2013-cü ildə bu rəqəm 6,5 milyon ABŞ dollarına bərabər olub. Həmin ərazilərdən çıxarılmış qiymətli mineral və metalların ixrac edildiyi marşrutlar isə Ermənistanın öz məhsullarını ixrac etdiyi ölkələrlə tam eyniyyət təşkil edir. Bu isə bir daha sübut edir ki, Azərbaycanın işğal edilmiş ərazilərindən qeyri-qanuni yolla çıxarılmış sərvətlər Ermənistana daşınaraq, mənşəyi gizlədilməklə “Ermənistan” adı altında beynəlxalq bazarlara ixrac edilir. Təsadüfi deyil ki, 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Ermənistanın mədən sənayesi hasilatının həcmi ötən illə müqayisədə 13,7% artıb.
Bəzi əlavə faktları da qeyd edək: 2015-ci ildə Ermənistanın mineral sənayesi ümumi sənaye istehsalının 16,7%-ni təşkil edib və 2014-cü illə müqayisədə 50,4% genişlənib. Nəyin hesabına?
2015-ci ildə mədən sektorunun ixrac həcmi 462 milyon ABŞ dolları olub. Bu da 2014-cü illə müqayisədə 20% çoxdur.
1995-ci ildə Ermənistanın qızıl hasilatı 100 kiloqram olduğu halda, 2014-cü ildə rekord 3.9 ton həddinə çatıb. Bunun da ümumi dəyəri 82 milyon ABŞ dolları edir. Yeni də eyni sualı verə bilərik: Nəyin hesabına? Axı Ermənistanın geoloji və coğrafi parametrləri bu həcmdə mədən sənayesi məhsullarının çıxarılmasına imkan vermir.
- Azərbaycan hansı addımları atmağı düşünür?
- Hər şeydən əvvəl, Ermənistanın mədən sənayesinə cəlb olunmuş və ya Ermənistandan mədən sənayesi məhsulları alan xarici şirkətlər beynəlxalq hüquqi öhdəlikləri və məsuliyyətlərini, eləcə də korporativ biznes məsuliyyətini və etikasını ciddi surətdə nəzərə almalı, işğal olunmuş Azərbaycan ərazilərindən qeyri-qanuni yollarla hasil edilən mədən sənayesi məhsullarının idxalçısına və ya istelsalçısına çevrilməkdən çəkinməlidirlər. Bir fakt da nəzərə alınmalıdır ki, Azərbaycanın işğal olunmuş ərazilərindən hasil edilən dağ-mədən məhsulları Ermənistanın kriminal hərbi xuntasının rəhbərlərinin şəxsi mənafeyinə, “çirkli pullar”ın yuyulmasına, müharibə vəziyyətinin və işğalın davam etməsinə xidmət edir.
Ermənistandan dağ-mədən sənayesi məhsulu idxal edən şirkətlər məhsulun mənşəyini, yəni onun həqiqətən də Ermənistan ərazisində istehsal edildiyini təsdiqləməlidirlər.
Azərbaycan Respublikası ölkəmizin işğal olunmuş ərazilərindən qeyri-qanuni yollarla hasil edilən dağ-mədən sənayesi məhsullarının istismarı və idxalında iştirak edən xarici hüquqi və fiziki şəxslərə qarşı milli və beyəlxalq səviyyədə hüquqi təqib xarakterli addımların atılması hüququnu özündə saxlayır.
852 dəfə oxundu