Bakının mərkəzindəki tarixi binanın restavrasiyası mağazaların işinə mane olacaqmı? - VİDEO
Bakının mərkəzində binanın fasadında aparılan təmir işləri ərazidəki mağazaların sahiblərinin narahatlığına səbəb olub. Sahibkarlar "Report"a bildiriblər ki, Yeni il bayramı ərəfəsində aparılan təmir işləri onların müştərilərinin rahat giriş-çıxışına mane olur.
Təmir işlərinin əhatə etdiyi ərazidə ümumilikdə 7 mağaza fəaliyyət göstərir. Sahibkarlar vurğulayırlar ki, mağazalar icarə əsasında fəaliyyət göstərir, təmir işlərinin aparıldığı dövrdə isə icarə məbləği dəyişdirilmir, hərçənd restavrasiya işləri müştərilərin sayında əhəmiyyətli təsir göstərir. Mağazada fəaliyyət gösətərən şəxslər təmir işlərinin dayandırılmasını və yanvarın 15-dən sonra, bayram alış-verişi bitdikdən sonra bərpa olunmasını təklif edirlər.
Digər tərəfdən, sahibkarlar qeyd edirlər ki, iş zamanı istifadə olunan materiallar mağazaya gələn müştərilərə təhlükə yaradır - həm orda əmələ gələn toz, səs-küy, həm yuxarıdan düşə biləcək daş qırıntıları müştəriləri çəkindirir.
Məsələ ilə əlaqədar iş icraçısı Kamil Həsənli "Report"a bildirib ki, təmir işləri Natavan heykəlinin yaxınlığında yerləşən tarixi binanın restavrasiyası üçün həyata keçirilir. Onun sözlərinə görə, göstəriş əsasında iş 5 ay müddətində aparılacaq: "Bu tarixi binanın fasadında uçqunlar yaranıb, daş parçaları yerə tökülüb. Bu isə sakinlər üçün təhlükədir".
K.Həsənli bildirib ki, iş gedən ərəfədə sahibkarların işinə maneə yaradılmayacaq: "Hazırda təmirə başlanılmasına hazırlıq işləri görülür, mağazalarının giriş-çıxış hissəsində taxtadan təhlükəsizlik konstruksiyası quraşdırılacaq, müştərilərin sərbəst daxil olması üçün şərait yaradılacaq."
997 dəfə oxundu