Gürcüstan hökumətinin antiböhran paketi valyuta bazarında çaxnaşma yaradıb

Gürcüstan hökumətinin antiböhran paketi valyuta bazarında çaxnaşma yaradıb


Gürcüstanın hökuməti iqtisadiyyatı stimullaşdırmaq, sosial gərginliyi azaltmaq və milli valyuta olan larinin devalvasiyasının qarşısını almaq məqsədilə tədbirlər paketi hazırlayıb. "APA-Economics" RFI-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Nazirlər Kabinetinin iclasında bildirib.

Onun sözlərinə görə, paketə 5 tədbir daxildir. Belə ki, hökumət sahibkarları gəlir vergisindən azad etmək niyyətindədir. Lakin azadolma bu məbləğin təkrar olaraq investisiya qismində iqtisadiyyata yönəlməsini şərtləndirir. Bununla yanaşı, hökumət siqaret, avtomobil, o cümlədən enerji daşıyıcıları (benzin də daxil olmaqla) üçün nəzərdə tutulmuş aksizləri artırmaq niyyətindədir. Hökumət həmçinin "internet-kreditləşməni" və "internet-kazino"ları qadağan etməkdə israrlıdır. Nazirlər Kabineti hesab edir ki, sonuncular bir çox ailənin bəlasına çevrilib. Tədbirlər paketinin ən əsas bəndi isə baş nazirin təklifidir. Hökumət rəhbəri dollarda olan ipoteka kreditlərini lariyə konvertasiya etməyi təklif edir. Maraqlıdır ki, konvertasiya prosesi dövlət büdcəsindən subsidiyalaşdırılacaq: hökumət valyutaların məzənnəsindən yaranan fərqə görə banklara subsidiya ayırmaqda maraqlıdır. Lakin subsidiya banklara bir şərtlə veriləcək - kreditlərin konvertasiyası zamanı 1 dollar 2,5 lari deyil, 2,3 lari ilə hesablanacaq.

Sonuncu təklif valyuta bazarında ciddi çaxnaşma yaradıb. Tədbirlər paketi ictimaiyyətə açıqlanandan sonra dolların məzənnəsi 2,7 lariyədək yüksəlib. Halbuki, baş nazir təklifi verən zaman bildirib ki, bu addım milli valyutanın güclənməsinə hesablanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...