NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi: “Türkiyə NATO üçün çox vacibdir”
Rusiya-Ermənistan birləşmiş qoşunları NATO-nu narahat etmir; Uilyam Laxyu Ermənistanın öz Silahlı Qüvvələrinə nəzarəti itirəcəyini düşünür. Ötən həftə Ermənistanın Tsaxkadzor şəhərində “Vətəndaş razılığı” ictimai təşkilatı Böyük Britaniyanın Ermənistandakı səfirliyi ilə birlikdə “Türkiyə-Ermənistan: çağırışlar və perspektivlər” mövzusunda tədbir keçrilib. Musavat.com-un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə proqram Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirlir.
Sonuncu seminarda Şimali Atlantika Təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Ulilyam Laxyu da iştirak edib. Laxyu tədbir çərçivəsində Ermənistanın siyasi liderləri ilə görüşməyə də macal tapıb. Uilyam Laxyu burada “NATO-nun müttəfiqləri ilə münasibətləri, Türkiyənin NATO-da rolu” adlı məruzə ilə çıxış edib.
Laxyu Türkiyə və NATO arasında bağların olduqca möhkəm olduğunu söyləyib:
“NATO Türkiyəni olduqca vacib bir üzv hesab edir. Onların bir-birindən imtina etməsi mümkün deyil. Təşkilatın quru qoşunları komandanlığı İzmirdə yerləşir. Bundan başqa, NATO-nun Türkiyədə strateji əhəmiyyətə malik ballistik raket müdafiəsi ilə bağlı radarları mövcuddur. Adanadakı İncirlik hərbi bazası da təşkilat üçün olduqca önəmlidir. Türkiyənin Aralııq və Qara dənizdəki dəniz qüvvələri NATO-nun regiondakı dəniz güclərini əsas tərkib hissəsidir”.
Bununla belə, Laxyu Türkiyənin 15 iyun hərbi çevrilişi ilə əlaqədar NATO-nun bəzi üzvlərinin hərəkətlərindən məyus olduğunu etiraf edib:
“Türkiyədə artıq belə bir rəy formalaşıb ki, alyansın bəzi üzvləri iyul ayında baş verən hərbi çevrilişə ciddi yanaşmırlar. Türkiyə 15 iyul hərbi çevrilişinin təşkilatçısı hesab etdiyi Gülən hərəkatının ABŞ və Avropa ölkələrində terrorçu təşkilat kimi tanınmamasına görə qəzəblidir. Bundan başqa, Türkiyə digər üzv dövlətlərin onların qayğılarına Fransadakı qədər etina ilə yanaşmadıqlarını düşünür. Lakin qarışlıqlı anlaşılmazlıqlar və məyusluqlar mövcud olsa da Türkiyə Alyans üçün çox vacib bir ölkə sayılır”.
Şimali Atlantika təşkilatının Cənubi Qafqaz ofisinin rəhbərinin fikrincə, NATO siyasi bir alyans olduğu üçün Türkiyənin Yaxın Şərqdə ciddi problemlərlə üzləşməsini nəzərə alaraq ona həm siyasi, həm də hərbi dəstək verməkdə davam edir. “Biz kəşfiyyat və təhlükəsizlik strukturlarında sıx əməkdaşlıq həyata keçiririk. Qara dənizə gəlincə, burada Rusiyanın öz gücünü artırması ilə əlaqədar olaraq Türkiyə müttəfiqlərinin dəstəyinə ehtiyac duya bilər. Eyni sözlər Aralıq dənizinə də aiddir”, -Laxyu qeyd edib.
NATO rəsmisinin sözlərinə görə, Türkiyə İran, Suriya və Rusiya kimi ölkələrlə mürəkkəb sayılacaq qonşuluq münasibətlərinə malikdir. Belə bir stituasiyada isə Türkiyə özünü müttəfiqsiz hiss edəcəyi situasiya ilə üzləşmək istəməz.
“Türkiyə mühüm rol oynadığının, regional gücə çevrildiyinin, Avropa və Şimali Atlantika bölgəsinə mühüm təsir göstərdiyinin fərqindədir. Bu kimi küskünlük və məyusuqlar əvvəllər də olub. Lakin indiki situasiyanı nəzərə alaraq NATO və Türkiyə arasında parçalanma mümkün deyil”.
NATO-nun Qafqazdakı nümayəndəsi Türkiyənin təşkilatın regional, o cümlədən Qafqazdakı siyasətinin işlənib hazırlanması məsələsində də mühüm dövlət olduğuna diqqət çəkib:
“Gürcüstan bölgədə NATO-ya doğru can atan yeganə dövlətdir. Türkiyə isə Gürcüstanın sərhədində NATO üzvü olan yeganə dövlətdir. Əgər Gürcüstan NATO üzvü olsa Türkiyənin əhəmiyyəti ikiqat artacaq. Ona görə ki, NATO nizamnaməsinin 5-ci maddəsinə görə təşkilat Gürcüstanı hər cür təcavüzdən qorumaq məcburiyyətində qalacaq” (5- maddəyə əsasən təşkilatın hər hansı bir üzvünə hücum bütün üzvlərə hücum kimi qəbul edilir-red.).
Uilyam Laxyu NATO-nun bir sıra dövlətlərinin Cənubi Qafqaz regionuna Xəzər regionundan gələn enerji daşıyıcıları üçün tranzit yol kimi baxdıqlarını söyləyib. Onun sözlərinə görə, Türkiyə təkcə müdafiə və təhlükəsizlik mənasında deyil, həm də ticarət sahəsində də əhəmiyyətli mövqeyə malikdir.
“Bütün bunlardan dolayı Türkiyənin Avropa Birliyindən bir çox gözləntiləri var. Türkiyə illərdir Avropa Birliyinə üzv olmaq üçün can atır. Lakin hər dəfə əngəllərlə üzləşir. Regionda formalaşan mürəkkəb siyasi situasiyaya, habelə qaçqınlarla bağlı yaranan problmemlərə görə Türkyiə Avropa Birliyindən daha çox pay almalı olduğunu düşünür”.
Laxyu Türkiyə hökuməti tərəfindən atılan bəzi narahat doğurucu addımlara rəğmən demokratiyanın burada işlək olduğunu söyləyib: “Əks halda xalqın dəstəyi ilə seçilən Türkiyə hakimiyyəti hərbi çevriliş qarşısında dayana bilməzdi”,- o, qeyd edib.
Laxyu təşkilat içərisində qərarların konsensus halında qəbul edildiyini bildirməklə yanaşı hazırda alyansın iki hissəyə ayrıldığını bildirib. “Bunların bir qismi Rusiya ilə ümumi sərhədlərə malik ölkələrdir. Rusiya Krımı işğal edib, Ukraynanın şərqinə soxulduqdan sonra bu ölkələr üçün əsas problemə çevrilib.
Sərhədləri dəyişməkdən ötrü hərbi gücdən istifadə edilməsi alyansa üzv olan ölkələrin qayğılarını artırıb. İndi NATO Rusiyanın həm daxili, həm də xarici siyasətlə bağlı zor tətbiq edə biləcəyi kiçik ölkələrin əsas təminatçısına çevrilib. Bu ölkələrin milli təhlükəsizliklərinin təmin olunması üçün Türkiyəyə ehtiyacları var. Alyansın cənub üzvləri isə Yaxın Şərqdə baş verənlərdən, buradan gələn qaçqınların, həmçinin terrorçuların Qərbə doğru istiqamətlənməsindən narahatdırlar. Bu da ciddi konsensus tələb edən situasiyadır. Bu situasiyanın sirayət etdiyi ölkələrin də Türkiyəyə ehtiyacı böyükdür”.
Laxyu seminar iştirakçılarının Rusiyanın Ermənistandakı hərbi mövcudluğu ilə bağlı verdiyi suallara da cavab verib: O, Rusiyanın Ermənistandakı bazasının NATO üçün problem olmadığını , hətta təşkilat daxilində müzakirə mövzusuna çevrilmədiyini bildirib.
“Bu 5000 nəfərlik kiçik bazadır, onun Türkiyə üçün belə təhlükəsi yoxdur. Biz bazanın sadəcə siyasi cəhətdən əhəmiyyətə malik olduğunu başa düşürük. Təşkilat əməkdaşlıq çərçivəsində həm Azərbaycan, Gürcüstan və Ermənistanla iş birliyi içərisindədir. NATO hesab edir ki, bu məsələni Ermənistan özü həll emtəlidir.
Rusiya hesab edir ki, onun regiondakı mövcudluğu NATO üçün problem yarada bilər. Lakin bu belə deyil. NATO üzv dövlətlərin xarici siyasətlərinə qarışmır. Onlar özləri xarici siyasət istiqamətlərin müəyyən edirlər”.
Seminar iştirakçıları Rusiya və Ermənistan arasında birləşmiş qoşun qruplarının yaradılmasına NATO-nun mövqeyi ilə bağlı Laxyuya suallar yönəldiblər. Laxyu bu məsələnin də onlar üçün önəmli olmadığını bildirib: “Bu Ermənistanı maraqlandıran məsələdir. Lakin sırf təhlil nöqteyi-nəzərindən qeyd etməliyəm ki, Ermənistan öz imkanlarını, Silahlı Qüvvələrə nəzarəti əldən verəcək. Lakin bu NATO-nun problemi deyil”.
Vaqif Hüseyn, müsavat.com
1011 dəfə oxundu