Türkiyə hökuməti PKK-nın atəşkəs təklifini rədd etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirməkdə təqsirli bilinən Abşeron rayon sakini, 1967-ci il təvəllüdlü Azər Təmoyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. İstintaqla müəyyən edilib ki, Azər Təmoyev narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan cəzası 4 ilə endirilib və Bakı Apelyasiya Məhkəməsinin 13 yanvar, 2014-cü il tarixli qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəinə göndərilib.
Məhkumluğu ödənilməyən Azər Təmoyev yenidən cinayət törədib. Belə ki, o, İran vətəndaşı, “Maqsud” adlı şəxslə əlbir olaraq 14 fevral, 2015-ci ildə onun gətirdiyi 102,205 qram heroini alaraq gömrükdən gizli şəkildə keçirib. Narkotik vasitəni yaşadığı Saray qəsəbəsindəki evində, daşların arasında gizlədib. Fevralın 18-də heroini gizlətdiyi yerdən götürüb şəhərə gedərkən avtobus dayanacağında polis əməkdaşları tərəfindən saxlanılıb.
Törətdiyi cinayət əməlinə görə A.Təmoyevə Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) və 234.4.1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs qismində dindirilən Azər Təmoyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində bədənində ağrılar olduğuna görə narkotik vasitəlrədən istifadə etdiyini göstərib: “Üstümdən aşkar olunan heroini “Maqsud” adlı şəxsdən almışdım, özüm istifadə edəcəkdim. Azərbaycanda keçiriləcək Avropa Oyunlarını nəzərə alaraq heroini çox aldım ki, birdən sonra tapa bilmərəm. Amma elə həmin gün də polislər tərəfindən saxlanıldım.
Heç vaxt İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirilməsini təşkil etməmişəm, müstəntiq mənə şər atıb, yalançı ittiham irəli sürüb. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışam. Müstəntiq dedi ki, məhkəməyə narkotik istifadəçisi kimi veriləcəksən, onun dediklərinə inanıb ifadəmi oxumadan imzaladım”. Təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadəsi ilə istintaqa verdiyi ifadələri arasında ziddiyyət yarandığından ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.
A.Təmoyev istintaqa verdiyi ifadəsində 2010-cu ildən bəri dəfələrlə İran İslam Respublikasına getdiyini, Astara şəhərində Maqsud adlı şəxslə tanış olduğunu, sonuncunun narkotik satıcısı olduğunu göstərib: “Özü mənə demişdi ki, nə vaxt istəsən, sənə heroin sata bilərəm. Maqsuda zəng vurub təxminən 100 qram heroin lazım olduğunu dedim. Dedi ki, heroinin 1 qramını 17 dollara satıram. 100 qram üçün məndən 1700 dollar istədi.
Ötən il fevral ayının 14-də Astarada Maqsudla görüşdüm, pulu verib, heroini götürdüm. Bundan sonra geri qayıdıb heroini yaşadığım evin həyətində gizlətdim. Həbs olunan gün şəxsi işlərimlə əlaqədar evdən çıxarkən heroini də özümlə götürdüm. Dayanacağa çatmışdım ki, polis əməkdaşları məni saxladılar, üzərimə baxış keçirdilər, heroini aşkar edib götürdülər. Polis əməkdaşları hal şahidlərinin iştirakı ilə evimizə baxış keçirdilər, heç nə tapmadılar”. Şahid qismində məhkəmədə dindirilən DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Ceyhun Musayev ifadəsində göstərib ki, Abşeron rayon sakini Azər adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub: “Əməliyyat qrupu yaradıldı, Saray qəsəbəsində yolun kənarındakı dayanacaqda xarici əlamətlərinə görə Azərə oxşar şəxs gəldi. Onu saxladıq, üzərinə baxış keçirdik, gödəkcəsinin cibindən heroin aşkar edildi”.
Məhkəmənin hökmü ilə A.Təmoyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
1111 dəfə oxundu