"Rüşvətxor məmurlar cəzalandırılmalıdır" - Azay Quliyev
Korrupsiyaya qurşanmış məmurlar ciddi şəkildə cəzalandırılmalıdır. Bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Azay Quliyev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiya və rüşvətxorluqla bağlı dediklərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu çıxışı geniş ictimai rezonans doğurub.
Deputat “ASAN xidmət”in Azərbaycanın korrupsiya ilə mübarizədə ən böyük uğuru olduğunu və rüşvətin tam aradan qaldırılması üçün istiqamətlərin müəyyənləşdiyini qeyd edib: “Birinci istiqamət struktur islahatlarıdır. Yəni istiqamət elə qurulmalıdır ki, artıq korrupsiya özü faktiki olmasın. Bunun da ən bariz nümunəsi “ASAN xidmət”in yaradılmasıdır. Bilirsiniz ki, “ASAN xidmət” öz funksiyasını çox uğurla həyata keçirir. Burada korrupsiya sıfır dərəcəsindədir. Korrupsiyaya qarşı elə bir qayda tətbiq olunub ki, orada rüşvətin mövcud olması mümkün deyil”.
Korrupsiyaya qarşı mübarizə ilə bağlı hüquq-mühafizə orqanlarının ciddi addımlar atdığını deyən A.Quliyev bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, islahatlar davam etdirilməlidir: “Korrupsiyanı yerli-dibli yox etmək üçün islahatlar davamlı olmalıdır. Artıq bir sıra hüquq-mühafizə orqanları bu istiqamətdə əməli işə keçiblər. Baş Prokurorluq, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi də bununla bağlı mühüm tədbirlər həyata keçirir”.
Xatırladaq ki, oktyabrın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda Prezident İlham Əliyev geniş nitq söyləyərək bəzi qurumları sərt tənqid edib.
1013 dəfə oxundu