Ermənilərin yaydığı videodakı hərbçimiz düşmənin yalanını ifşa etdi - VİDEO
44 günlük müharibədə önəmli məsələlərdən biri də düşmənin informasiya təxribatları olub.
Qızğın döyüşlərin getdiyi günlərdə Ermənistan tərəfindən çoxlu sayda təxribatçı videolar paylaşılırdı. Həmin videolardan birində cəsur döyüşçülərimizin ermənilər tərəfindən şəhid edildiyi göstərilirdi. Əslində, reallıq tamam fərqlidir.
Döyüşdə iştirak edən və videoda görüntülənən şəxslərdən biri, Vətən Müharibəsində qəhrəmanlıq göstərən kapitan Qasımov Anar Trend-ə hadisənin necə baş verdiyini danışıb:
“Döyüş başlayan ilk gündən tabor komandiri kimi əsgərlərimlə Füzuli rayonunda döyüşlərə atılmışam. Füzulidən Xocavəndə kimi döyüşmüşəm. Xocavənddə yaralanmışam. Xalqımızın narahat olduğu görüntülər mənfur düşmənimiz ermənilərin növbəti hiyləgər oyunu idi.
Əslində, hadisə belə baş vermişdi. Hadisə Füzuli rayonunun, Qaraxanbəyli kəndində baş verib.
Videoda da göründüyü kimi, mən döyüş yoldaşlarımla bir yerdə düşmən tankını və heyətini məhv etmişik. Və irəliləməyə davam etdik. Mənfur düşmən yayılmış videomuzu sosial şəbəkələrdən götürərək, montaj edib, guya bizi öldürüblər.
Bu, tamam yalan üzərində montaj edilmiş video idi. Şükür Allaha ki, o videoda gördüyünüz şəxslər sağ və salamatdır”.
565 dəfə oxundu