“Bu il neftin qiyməti 50 dollardan aşağı olmayacaq” - Prezident

“Bu il neftin qiyməti 50 dollardan aşağı olmayacaq” -

"Xərclərə nəzarət gücləndirilməlidir. Xüsusilə dövlət xətti ilə alınan mallara da çox ciddi nəzarət olmalıdır".

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, çünki bəzi hallarda orada şişirtmələr də olur: “Bəzi hallarda dövlət təşkilatları, necə deyərlər, öz rahatlıqları üçün lazım olmayan bir çox mal-material, əşya alırlar. Belə hallar var. Xaricdən avtomobillər, texnika, mebel alırlar. Buna son qoyulmalıdır. Biz bütün bu yersiz xərclərə son qoymalıyıq. Ona görə, xərclərə nəzarət daha güclü olmalıdır və baxın, bəlkə də hansısa əlavə bir nəzarət mexanizmi də tətbiq edilə bilər”.

Prezident vurğulayıb ki, büdcəmizdə neftin qiyməti 40 dollar götürülüb: “Bu, çox konservativ, yəni mühafizəkar yanaşmadır. Ancaq indi dünya bazarında neftin qiyməti 50 dollardan çoxdur. Əlbəttə, proqnoz vermək çətindir, amma nəzərə alsaq ki, pandemiya, bu il sona çatacaq, - artıq bir çox ölkələrdə peyvəndləmə işləri də gedir, - və beləliklə, iqtisadi fəallıq artacaq, gediş-gəliş artacaq, hava nəqliyyatı və digər sahələr açılacaq, yanacağa daha da böyük tələbat olacaq. Yəni, kifayət qədər böyük ehtimal var ki, neftin qiyməti hər halda 50 dollardan aşağı olmayacaq”.

Onun fikrincə, bunu nəzərə alsaq, bizdə profisit yarana bilər və siz indidən fikirləşin, bu profisit hansı istiqamətlərə yönəldilə bilər: “Ola bilər ki, biz Neft Fondundan transfertləri azaldaq, əgər vəsaitə ehtiyac olmayacaqsa. Əgər ərazilərin bərpası üçün nəzərdə tutulan 2,2 milyard manat vəsait kifayət etməzsə, onda ola bilər bu vəsaitdən, yəni, əgər profisit yaranacaqsa, o istiqamətlərdə də istifadə etmək olar. Hər halda, bunu həyat göstərəcək. Birinci rübün yekunlarına baxdıqda görəcəyik ki, iqtisadiyyat hansı istiqamətdə gedir və ümumiyyətlə, dünyada hansı proseslər gedir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...