Bakıda piyada və sürücülərin “səki müharibəsi”: Kim haqlıdır? - VİDEO
Yasamal rayonunda sürücülər piyada səkilərini "işğal" edib. Bu barədə sosial şəbəkələrdə çoxsaylı məlumatlar paylaşılır.
Təəssüf ki, bu kimi hallar təkcə paytaxtın Yasamal rayonunda deyil, digər ərazilərində də müşahidə olunur. Vətəndaşlar avtomobillərini piyada səkisində saxlayan sürücülərdən narazı olduqlarını bildiriblər:
"Kim boş səki görür avtomobilini park edir. Piyadalar nə etsin? Avtomobil yolu ilə hərəkət etsin?" Paralel olaraq sürücülər avtomobillərini səkidə park etmələrinə rəğmən Bakı Nəqliyyat Agentliyinin haqsız cərimə yazmasını iddia edir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) sorğu ünvanladıq. Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə yayılan videolar qanunsuz park edən sürücülər barəsində tədbir görülməsinə kömək edir:
"Ara məhəllə və ya əsas yol bunun fərqi yoxdur. Sürücü avtomobili piyada səkisində park edirsə, bu, piyadaların hərəkətinə maneə yaradır. Ara məhəllə yollarında avtomobillərin intensiv hərəkəti müşahidə edilmirsə, o demək deyil ki, avtomobili səkidə saxlamaq olar. Avtomobillərin səkidə park edilməsi ərazidə yaşayan sakinlərin, xüsusilə də fiziki imkanları məhdud olan, ahıl şəxslər, uşaq arabası ilə hərəkət edən piyadaların hərəkətinə çətinlik yaradır.
Bu problemlərlə bağlı sakinlər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Əməkdaşlarımız həmin müraciətlər əsasında müvafiq normalara uyğun tədbirlər görür. Bu cür videoların çəkilib yayılması, vətəndaşların xeyrinə həyata keçirilən addımlara kölgə salır. Çünki, BNA əməkdaşları sözügedən videoda qanunsuz hərəkət etməyib".
885 dəfə oxundu