Belə getsə, TƏBİB bu vəsaitləri mənimsəməklə məşğul olacaq - ƏTRAFLI
TƏBİB Konstitusiyanın 39-cu maddəsinin 2-ci bəndinin tələblərini pozur – SƏBƏB
Deyirlər ki, “Gündə bir söz eşitməsən, qulağın kar olar”. Ona görə də çoxları kimi mən də hər saat qulağımı dinşiyirəm ki, təzə xəbər eşidim. Yoxsa bu yaşda kar olmaq əsl biabırçılıq olardı. İnsafən də Azərbaycanın ictimai camiəsi də təzə xəbər eşitməyə və ŞOK açıqlamalar verməyə aludədir. Ona görə də ŞOK xəbərlərdən o qədər də korluq çəkmirəm.
Məsələn, o gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova şok açıqlama verib. Hörmətli Aynurə xanım “Xəzər-xəbər”ə müsahibəsində deyir ki, Bakıda yaşayıb rayon qeydiyyatında olan şəxslərin paytaxtda icbari tibbi sığortadan istifadə edə bilməyəcəklər. Bunun üçün sığortası olan şəxs hökmən Bakı şəhərində qeydiyyata düşməlidir. Əks təqdirdə o, bu imkandan yararlana bilməyəcək.
Bu günə qədər dövlət qurumlarından hər cür əndrəbadi addımlar görmüşdüm. Amma beləsinə heç rast gəlməmişdim.
Məlum olduğu kimi, 1 aprel 2021-ci il tarixdən icbari tibbi sığorta bütün ölkə üzrə tətbiq edilir. Bu isə o deməkdir ki, sığortası olan istənilən şəxs Azərbaycanın istənilən guşəsində bu imtiyazdan istifadə edə bilər. Amma İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi deyir ki, xeyr, sığortaçı yalnız daimi qeydiyyatda olduğu ərazidə bu imkandan istifadə edə bilər. Digər halda getdiyi ərazidə hökmən müvəqqəti qeydiyyata düşməlidir. Əcəba niyə? Bəyəm Bakı, Şəki, Beyləqan və yaxud Yardımlı Azərbaycan Respublikasının ərazisi deyil? Axı, istənilən qanun bütöv ölkəni əhatə edir. O cümlədən İcbari Tibbi Sığorta haqqında qanun da.
Sığortası olan istənilən vətəndaş Azərbaycanın istənilən regionunda bu imtiyazdan istisnasız istifadə edə bilər. Bu, aksiomadır. Agentliyin dediyi fikir sadəcə bürokratik əngəldir, süründürməçilikdir. Deyək ki, mən 15-20 günlüyə Qubaya istirahətə gedirəm və yaxud 2 aylığa işdən harasa ezam olunuram. Onda gərək mənim ilk işim getdiyim ərazidə tibbi TƏBİB-in yerli təşkilatından qeydiyyatdan keçməliyəm. Çünki xəstəlik xəbər vermədən gəlir. İnsanı nəinki yerdə, hətta təyyarədə də yaxalaya bilər. Ona görə də TƏBİB-in bu təşəbbüsü korporativ maraqlardan qaynaqlanır. Yəni ki, İmişlidən Sumqayıta gələn vətəndaş burda xəstələnərsə, onda TƏBİB onu qəbul etməyəcək. Qəbul üçünsə kiminsə “bığının” altından keçmək lazımdır. Əks təqdirdə ürək tutması olan adam ya ölməlidir, ya da özəl xəstəxanalara getməlidir.
Özəl xəstəxana dedim, yadıma icbari tibbi sığortadan istifadə qaydası düşdü. Azərbaycanda tətbiq olunan icbari tibbi sığortanın dünyada anoloqu yoxdur. Çünki sığortaçı yalnız TƏBİB-in müəsissələrinin xidmətlərindən yararlana bilər. Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələr və özəl xəstəxanalarda icbari tibbi sığorta keçərsizdir. Bax, ən dəhşətli məqam budur. Çünki bu, vətəndaşların hüquqlarının pozulması deməkdir, inzibatçılıqdır. Mən boğazımdan kəsib ildə 120-150 manat pul ödəyirəm ki, xəstələnəndə normal tibbi yardım alım. Bəllidir ki, bu gün Azərbaycanın dövlət xəstəxanalarında nəinki normal tibbi xidmət yoxdur, üstəlik bir çox xəstəliklərin müalicəsi həmin müəsissələrdə mümkün deyil.
Məsələn, bu gün ən bahalı və çətin əməliyyatlar özəl xəstəxanalarda aparılır. Ən çox yayılmış ürək əməlyyatlarının 80-90 faizi özəl müəsissələrdə baş tutur. TƏBİB-in bir və ya iki xəstəxanasında ürək cərrahiyyəsi həyata keçirilir. Elə isə bu qədər sığortaçının tələbatını TƏBİB nə cür ödəyəcək? Bax, qeydiyyat məsələsini məhz belə hallar üçün ortaya atılıb.
Yəni rayondan Bakıya gələn ixtiyari vətəndaş infarkt keçirərsə və yaxud appendisitdən əziyyət çəkərsə, onu TƏBİB-in müəsissələri qəbul etməyəcək. Bəhanələri də bu olacaq ki, qaydaya görə siz qeydiyyatda olduğunuz ərazidə müalicə və yaxud əməliyyat oluna bilərsiniz. Belə bir vəziyyətdə isə sığortaçının son ümidi yenə özəl müəsissələrə qalır. TƏBİB isə həm sığotra fondundan gələn vəsaiti, həm də büdcə ayırmalarını mənimsəməklə məşğul olacaq.
Xatırladım ki, İcbari Tibbi Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul edilməsindən az qalıb ki, 5/1 əsr keçib. Bundan əlavə, Respublika Prezidentinin müvafiq sərəncamı ilə düz 13 il qabaq Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Lakin məlum olmayan səbəblərə görə qurum yalnız 2016-cı ildə fəaliyyətə başlayıb. Özü də publik hüquqi şəxs kimi.
Rəsmi məlumatlara görə, 2017-ci ildən etibarən ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində tətbiqinə başlanılıb. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta çərçivəsində 370 min nəfərə yaxın sığortaolunan baza zərfi əsasında ödənişsiz tibbi xidmətlərlə təmin edilib. Layihənin uğurlu nəticəsini nəzərə alan Respublika Prezidenti ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə göstəriş verdi.
Göstərişə əsasən, icbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə baş tutacaqdı. Belə ki, 2020-ci ilin yanvarın 1-dən Naxçıvan MR-in ərazisində və 23 regionda, aprelin 1-dən 20 regionda, iyulun 1-dən 15 regionda və oktyabrın 1-dən isə Bakı, Sumqayıt, Abşeronda tətbiq olunacaqdı. Beləliklə, 2020-ci ilin sonuna qədər Azərbaycanın bütün bölgələrində əhali icbari tibbi sığorta sisteminə qoşulacaqdı. Amma… (bu ammalar məni bezdirdi)
Nəyə görəsə birdən-birə icbari tibbi sığortanın tətbiqi daha bir il uzadıldı. Belə ki, icbari tibbi sığortanın tətbiqinin ikinci mərhələsi 2021-ci ilin yanvar ayından başlayacaq və 36 inzibati ərazidə qeydiyyatda olan vətəndaşlar icbari tibbi sığortadan istifadə edə biləcəklər. Qeyd olunan ərazilərə Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa,Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul daxildir.
Üçüncü mərhələdə 2021-ci ilin aprel ayından etibarən Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşada qeydiyyatda olan vətəndaşlar icbari tibbi sığortadan istifadə edəcəklər.
Yəni aprelin 1-də nəhayət ki, icbari tibbi sığorta ölkə üzrə tətbiq ediləcək. Amma bu xəbər sevinmək üçün heç bir əsas vermir. Belə ki, dünya təcrübəsində icbari tibbi sığortası olan şəxs müalicə üçün ölkə ərazisindəki istənilən xəstəxananı seçə bilər. Fərqi yoxdur, o xəstəxana özəldir, yoxsa dövlət. Çünki xəstə müalicəsi üçün tələb olunan pulu sığorta hesabına ödəyir. Bu həm vətəndaşlıq məmnunluğuna xidmət edir, həm də səhiyyə müəsissələri arasında sağlam rəqabət mühiti yaradır.
Amma bizdə tətbiq olunan İcbari Tibbi Sığorta dövlət xəstəxanaları üçün əlavə yeyinti yeridir. Belə ki, sığortası olan xəstə yalnız TƏBİB-in müəssisələrində müalicə ala bilərlər. TƏBİB-sə dövlət müəssisəsidir. Azərbaycanda isə dövlət müəsissələrində səhiyyə xidməti pulsuzdur.
Bax, əsl məsələ də budur. Əgər Azərbaycanda səhiyyə pulsuzdursa niyə vətəndaş dövlət təşkilatı olan TƏBİB-ə pul ödəməlidir. Pul ödəyirsə, niyə vətəndaşın seçim imkanı yoxdur?! Deməli, TƏBİB Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin 2-ci bəndinin tələblərini pozur. Niyə? İzahı TƏBİB-in rəhbərliyindən gözləyirik.
1631 dəfə oxundu