Şuşada rəmzi Ramazan tədbirləri keçirmək olarmı? - Hacı Şahin cavab verir.
“Ola bilsin ki, ölkəmiz üzrə yoluxma sayında ciddi azalma olarsa, bu cür gərəkli təşəbbüslər də irəli sürmək olar...”
Pandemiya ilə bağlı Azərbaycanda da kütləvi tədbirlərə, o cümlədən müqəddəs Ramazan günlərində camaat namazlarına və geniş iftar süfrələrinə icazə verilmir. Ancaq dünyaya bir mesaj, düşmənlərimizə bir göz dağı vermək məqsədilə şəhidlərimizin, qazilərimizin qanı-canı hesabına işğaldan azad edilmiş torpaqlarımızda, əlbəttə, karantin qaydalarına riayət etməklə, sosial məsafə saxlamaqla rəmzi mənada və məhdud çərçivədə Ramazan tədbirləri keçirmək nəzərdə tutulmayıb ki? Görəsən Qafqaz Müsəlmanları İdarəsində belə bir məsələ müzakirə olunmayıb ki? Məsələn, deyək ki, Şuşa məscidində din xadimlərinin və az sayda möminin iştirakıyla Cümə namazları, Ramazan xütbələri, bayram namazları təşkil etmək, yaxud oruc tutan əsgərlərimizə, orada çalışan mülki vətəndaşlarımıza iftar hədiyyələri təqdim etmək və s....
Movzu ilə bağlı Moderator.az-a Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin sədri Hacı Şahin açıqlama verib.
“Hal-hazırda belə bir məsələ müzakirə olunmur. Çünki pandemiya şəraitidir. Bir müddət əvvəl, bildiyiniz kimi, bizim Ağdam məscidinə səfərimiz oldu. Və inşallah, Şuşa məscidinin də din xadimlərimiz tərəfindən ziyarəti gözlənilir. Amma vaxtı hələ dəqiq bilinmir... Hər halda pandemiya ilə əlaqədar məscidlərdə camaatla namaz qılınması dayandırılıb. Ancaq ola bilsin ki, ölkəmiz üzrə yoluxma sayında ciddi azalma olarsa, bu cür gərəkli təşəbbüslər də irəli sürmək olar...” –Hacı Şahin belə deyib.
773 dəfə oxundu