Büdcədəki 212 milyon artıq necə yaranıb? - “Əlilliyin ləğvi və iri layihələrin dayanması…”
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 5 milyard 736,4 milyon manat, xərcləri 5 milyard 523,7 milyon manat təşkil edib.
Bununla da, büdcənin icrasında 212,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,1 faizi qədər profisit (artıqlıq) yarandığı bildirilir. Ekspertlər bunu bedcəyə daxilolmaların artması ilə əlaqələndirmirlər.
Hətta bəzi ekspertlər bu profisitin neftin qiyməti ilə bağlı olduğu qənaətinə gəlsələr də, əsas fikirlər büdcə xərcləmələrinin azaldılması istiqamətindədir. Hesab olunur ki, bu profisit büdcə xərclərinə qənaət edilməsi hesabına formalaşıb.
Yəni sadə dillə desək, müəyyən sahələrə ayrılan investisiyalar dayandırılıb və bunun hesabına büdcədə profisit formalaşıb.
Yanvar-mart aylarında qoyulan investisiyanın statistikasını aparsaq, görərik ki, 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə, 2021-ci ilin ilk üç ayında investisiya qoyuluşu 20 faiz azalıb. Bunu Dövlət Statistika Komitəsinin aylıq hesabatından da görmək olur.
Mövzu ilə əlaqədar iqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında deyib ki, büdcədə profisitin yaranması büdcə xərcləmələrin azaldılması, əliliklə bağlı pensiyaların ləğvi ilə bağlıdır:
“2021-ci ilin dövlət büdcəsinin icrasına nəzər salsaq, bir sıra strateji iri investisiya layihələrinin təxirə salındığını və bəzilərinin də dayandırıldığını müşahidə edərik. Təxminən 3.5 faizə yaxın büdcə layihəsinin icrası ilə bağlı müəyyən ertləmələr həyata keçirilib. Bundan başqa bir sıra istiqamətlər üzrə büdcəyə daxilolmalar proqnozlardan fərqlidir. Məsələn, 2020-ci ildə baş verən Vətən müharibəsindən sonra həm sosial təminat, həm də sosial təyinatla bağlı fərqli yanaşmalar oldu.
Ondan qabaq, sosial təminatla bağlı müəyyən qüsurlar aşkarlandığı üçün təxminən 65 milyona yaxın vəsait büdcəyə geri qaytarılmışdı. Vətən müharibəsindən sonra şəhid və qazi ailələrinin problemlərinin həlli ilə bağlı gözlənilməyən xərclər ortaya çıxdı. Bu xərclər ümumi büdcənin 8 faizinə yaxın idi. Yəni bütövlükdə götürsək, həm 2020-ci ilin, həm də 2021-ci ilin büdcəsində nəzərdə tutulmuş proqnozlarla xərclərin üst-üstə düşməməsi və bu kimi xərclərin ortaya çıxması gözlənilən idi. Biz bura pandemiya şərtlərini də əlavə etsək və nəzərə alsaq ki, bir sıra kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı vergi daxilolmalarında, ölkəyə daxil olan investisiyalarla bağlı kəskin azalmalar var, bu, həm ÜDM-in azalmasını, həm də iqtisadiyyatın kiçilməsini reallaşdırır.
Kiçik və orta sahibkarlıq subyektlərində vergi daxilolmaları ilə bağlı 12 faizə yaxın azalma müşahidə olunub. Bu təbiidir. Həm ticarət, həm də xidmət sektorlarındakı qapanma və durğunluq ticarət dövriyyəsindən gələn vergilərin azalmasına gətirib çıxarır. Kifayət qədər çoxsaylı səbəblər sadalamaq olar ki, bu səbəblər müxtəlif proqnozları ortaya qoyur. Bu reallıqlar büdcə hazırlanarkən nəzərə alınmalı idi. Təəssüflər olsun ki, 2020 və 2021-ci illərin büdcəsində büdcə xərclərinin risklər təsnifatına nəzər salanda bu məqamların nəzərə alındığını görə bilmirik”.
Ekspert hesab edir ki, büdcə icrasındakı profsitin yaranması, hər hansı iqtisadi böyümə, yaxud da neftin qiyməti ilə əlaqədar deyil:
“2021-ci ilin büdcəsində Neft Fondundan büdcəyə nə qədər vəsait transfert ediləcəyi konkret göstərilir. Yəni büdcədə yaranan 212.7 milyon manat artıqlıq dünya bazarında neftin qiyməti ilə bağlı deyil. Eyni zamanda, biz OPEC+ dövlətlərinin də yaxın zamanda hasilatın azaldılması ilə bağlı qərar verəcəyini də nəzərə alsaq, neftin qiymətinin faktiki olaraq, 2021-ci ilin dövlət büdcəsinin gəlirlərinin artmasına birbaşa təsir edən amil kimi dəyərləndirə bilmərik. Neftin qiymətindəki artımı elə həmin aylarda dərhal büdcə gəlirlərinə təsir edəcəyini demək olmaz. Bir daha deyirəm, bu, büdcə xərclərinə qənaət edilməsindən irəli gəlir. Həm sosial təminat, həm də bir sıra iri infrastruktur layihələrinin təxirə salınması məsələləri bura daxildir. Təkcə saxta əlillik məsələsinə görə 200 milyon manatadək vəsaitə qənaət edilməsi nəzərdə tutulub. Bundan başqa, dövlət satınalmaları ilə bağlı müəyyən nəzarət mexanizmi işlənib hazırlanır. Məsələn, bugünlərdə “Melorasiya və Su Təsərrüfatı” ASC-də artıq 3 tenderin ləğv edildiyinin şahidi olduq. Hansı ki, bu layihələrlə bağlı təkrar tender keçirilməlidir. Yəni xırda detallar var ki, hökumət çalışır bununla büdcə xərclərini azaltsın. Çünki digər istiqamətlərdən dövlət büdcəsinə daxilolmalarda böyük geriləmələr var. Görünür, bütün bunları sığortalamaq üçün hökumət ölkə daxilindəki xərcləri müəyyən qədər azaltmağa çalışır. Bunu da büdcənin gəlirlərinin artması kimi təqdim edirlər. Amma belə deyil. Mövcud xərclərə qənaət edilməsi müəyyən mənada şəffaflıq təşəbbüsündən irəli gəlir. Bütün hallarda bu yolla büdcə gəlirlərinin azalmasını sığortalamaq mümkün deyil”.
959 dəfə oxundu