Sökülən ev ortada, kimin sökdüyü bəlli deyil - ARAŞDIRMA
“Gözdən o qədər də deyil, könüllərdən iraq olan Xırdalandayıq. Şəhid Fikrət Əhmədova adına olan küçədə, Birinci Qarabağ savaşının, Aprel döyüşlərinin, Vətən Müharibəsinin qazisi, II qrup Vətən Müharibəsi əlili Nəsimi Dadaşlıya məxsus yarımtikili ona xəbərdarlıq olunmadan gecə saat 3.00 radələrində sökülüb. Qarabağ qazisi iddia edir ki, evin tikintisi üçün rəsmi qurumların icazəsi var və tikintiyə sənədlər əsasında başlanılıb: “Bakıda, Abşeron rayonunda anadan olmuşam 1974-cü ildə. Qeydiyyatım da bu rayonadır. Bu küçədə şəhid adını daşıyır. Hazırda Nəsimi rayonunda kirayə yaşayıram. Yəni deməyim odur ki, doğulduğum, qeydiyyatda olduğum yerdə ev tikmək niyyətindəyəm. Təxminən 10 gündür burda yaşamaq üçün ev tikirəm. Tikintiyə qazi və Qarabağ müharibəsi əlillərinin dəstəyi ilə başlamışam. Maddi durumum ürəkaçan deyil, 20 ildir kirayə yaşayıram. Birinci Qarabağ müharibəsindən sonra 1997-ci ildə ordu sıralarından tərxis olunmuşam. 2000-ci ildən müraciət eləmişəm ki, mənə torpaq payı verilsin.
2016-cı ilin aprel döyüşlərindən sonra gəldim. Abşeron RİH-in başçısı İradə Gülməmmədovanın qəbulunda oldum. Tikintinin aparılması üçün sərəncam verildi, eskiz layihə çəkildi. Bələdiyyə də daxil olmaqla bütün sənədlərim var. Çıxarış sənədlərim də hazırdır. Bu gün götürməliydim, çəkİlişə gəldiyim üçün gedə bilməmişəm. Gecə saat 3.00-də məhkəmə qərarı olmadan tikilim sökülüb”.
Qarabağ qazisi deyir ki, evi yarıya qədər tikmişdik: “Sənədlərdə necədirsə, o qaydaDa tikirəm. Hətta ondan da balaca 5/4 bir balaca otaq tikirəm. Gecəni yatmışdıq, qonşular zəng elədilər ki, evini darmadağın ediblər. Gecə ilə DİN-in 102 xidmətinə məlumat vermişəm. Abşeron Rayon Polis Şöbəsindən, İcra Hakimiyyətindən deyirlər xəbərimiz yoxdur.
Tikintiyə Qarabağ qaziləri və əlillər dəstək olub. Bir daşını alıb, digəri qumunu töküb. Özümüz də baş-başa verib tikirdik. Xeyirxah insanlar da biganə qalmayıb. Biri pəncərə, digəri qapı gətirib. Bütün qurumlara müraciət etmişəm. Heç kimin xəbəri yoxdur”.
Baş verən hadisə ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin mövqeyini öyrəndik: “Abşeron Rayon İcra Hakimiyyəti olaraq bəyan edirik ki, sözügedən ərazidə İcra Hakimiyyəti tərəfindən söküntü işləri həyata keçirilməyib. Əgər vətəndaş hesab edirsə ki, onun yarımtikilisi sökülüb və ona ziyan dəyib, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Məsələ araşdırılmalıdır. Vətəndaş bizə müraciət edib, qəbulda iştirak edib və baş memar tərəfindən izahat verilib. Amma vətəndaş razı qalmayıb”.
Vətən Müharibəsi iştirakçısı, ikinci qrup əlil Nəsimi Dadaşlının şikayətinə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevdən də münasibət öyrəndik. O bildirdi ki, vətəndaşın müraciəti ilə əlaqədar Abşeron Rayon Polis İdarəsində tədqiqat aparılır, müvafiq yoxlamalara başlanılıb. Prosesdə söküldüyü iddia olunan tikilinin müvafiq sənədlərinin və icazənin olub-olmaması aydınlaşdırılacaq.
1727 dəfə oxundu