Podpolkovnik Veranyan 18 hərbçini qaçmağa qoymadı, “Harop” onları “əritdi”
Ermənistanda podpolkovnik Andranik Veranyan 44 günlük Qarabağ müharibəsi zamanı “səhlənkarlıq” etməkdə və nəticədə 18 hərbçinin ölümünə səbəb olmaqda ittiham olunur.
Gundeminfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Zəngəzur vilayət məhkəməsində yaxın günlərdə Veranyan üzərində məhkəmə prosesi başlayacaq. O, “N” saylı hərbi hissənin döyüş hazırlığı üzrə keçmiş komandir müavinidir. Veranyan və əsgərləri müharibə başlayandan etibarən Mehri və Aqarakdan Qarabağa göndəriliblər.
İttihama əsasən Veranyan döyüş zamanı situasiyanı düzgün dəyərləndirməyib və nəticədə əsgərlərin ölümünə səbəb olan əmr verib. Belə ki, o aşağı rütbəli zabitin Azərbaycan ordusunun PUA hücumu zamanı qaçıb ətrafa dağılışmaq barədə verdiyi əmri ləğv edib. Veranyan əsgərləri yük maşınına doldurub və təxminən 1 dəqiqədən sonra həmin yük maşını Azərbaycan ordusunun zərbə PUA-sı tərəfindən vurulub. Nəticədə 2 zabit və 16 əsgər ölüb.
Qeyd edək ki, Zəngilan istiqamətində baş vermiş bu epizod haqda erməni KİV-ləri daha əvvəl yazmışdı. Həmin epizodda ölən erməni əsgərlərindən birinin atası Veranyandan şikayət edib, onun şikayəti əsasında cinayət işi qaldırılıb. Əsgərin atası hərbi yük maşınının dronla vurulmasının şahidi olub, onun oğlu da həmin zərbə nəticəsində ölüb. Bildirilirdi ki, əsgərlər havada PUA uçduğunu eşidərək onları daşıyan yük avtomobilindən düşüb qaçmağa başlayıblar. Lakin Veranyan onlara maşına geri qayıtmağı əmr edib. Cəmi bir dəqiqə sonra hərbi yük avtomobili dronla vurulub...
/Virtualaz.org
1220 dəfə oxundu