Salyan İcra Hakimiyyətində şübhəli tender - "Uğrulu İnşaat" kimindir?

Salyan İcra Hakimiyyətində şübhəli tender -
Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhərinin küçələrində abadlıq işlərinin aparılması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Uğurlu İnşaat” MMC seçilib. Abadlıq işləri icra hakimiyyətinə 187 473,28 AZN-ə başa gələcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Uğurlu İnşaat” MMC 27 yanvar 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 15010 AZN təşkil edən şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nifyalıyev Xoşbəxt Səfəralı oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Bununla belə, "Uğurlu İnşaat” MMC "tender kralı" kimi tanınır.
Şirkət daha çox yerli icra hakimiyyətlərinin yolların təmiri və abadlıq işləri bağlı elan etdiyi tenderlərin qalibi olur.

Bu ilin iyul ayında mediada yayılan məlumatlardan aydın olur ki, "Uğurlu İnşaat” MMC-nin həmin vaxt 777 784, 04 AZN vergi borcu olub. Buna baxmayaraq, şirkət dövlət satınalmalarında fəal iştirak edib və iri məbləğli müsabiqəqlərin qalibi seçilib. Hazırda şirkətin vergi borcu yoxdur.

"Uğurlu İnşaat” MMC-nin indiyə qədər 5 qanuni təmsilçisi olub. Həmin şəxslərin adını müvafiq ardıcıllıqla təqdim edirik: Qədirov Hüseyn Nadir oğlu, Bayramov Aslan İlqar oğlu, Hüseynli Elmin Murad oğlu, Əliyev Talıb Rəfail oğlu, Niftalıyev Xoşbəxt Səfəralı oğlu.

Bu şəxslərin heç biri haqqında hər hansı məlumata rast gəlinmir.

Şirkətin qanuni təmsilçisilərinin vaxtaşırı dəyişməsi, eyni zamanda onlar haqqında heç bir məlumatın olmaması "Uğurlu İnşaat” MMC-nin şəffaf fəaliyyəti barədə şübhələrə yol açır. Ehtimal olunur ki, şirkət tender əməliyyatlarında istifadə üçün təsis edilib.

Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən müsabiqə elanlarından məlum olur ki, Salyan Rayon İcra Hakimiyyəti küçələrin təmiri və abadlıq işləri bağlı bundan əvvəl iki tender keçirib. Həmin tenderlərin hər ikisinin qalibi "Dirçəliş 14” MMC olub. Salyan şəhəri küçələrinin əsaslı təmirinə görə təklifin qiyməti 496 799,52 AZN, Salyan şəhəri küçələrində abadlıq işlərinə görə təklifin qiyməti isə 1 200 041,29 AZN-dir.

Tərəflərin satınala müqaviləsi bağlayıb-bağlamadığı bəlli deyil. Dövlət satınalmalarının vahid elektron portalının "Bağlanmış müqavilələr” bölümündə bu barədə heç bir qeyd yoxdur. Tenderin ləğvi barədə də məlumat yoxdur.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovdur. O, 2016-cı ildə rayona rəhbərlik edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...