Büdcəni talayanlar - ən böyük korrupsiya

Büdcəni talayanlar -
Diqqətli oxucularımıza da məlum olduğu kimi, ötən ayın əvvəlində Yenixeber.org-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “Bakı 1 nömrəli Yol İstismarı” MMC-nin balansında fəaliyyət göstərən bir asfalt zavodunun ciddi ekoloji problem yaratmasından yazmışdıq. Bak-Sumqayıt yolunun sol tərəfində, Ceyranbatan qəsəbəsindən sonra “Asfalt zavod” deyilən yaşayış massivində sovetdənqalma Asfalt zavod insan sağlığı üçün doğurduğu fəsadlarla kütləvi etirazlara səbəb olur. Yerli sakinlər illərdir ki, bu problemlə yaşamağa məcbur qaldıqlarını və dəfələrlə də şikayətçi olduqlarını bildirirlər. Hətta vurduğu zərərə görə onu Ermənistanın Metsamor AES ilə müqayisə də edirlər...

Amma nə fayda-sakinlər etiraz edir, biz Yenixeber.org olaraq problemi ictimailəşdiririk, Saleh Məmmədovun isə “heç tükü də tərpənmir”. Necə deyərlər, “Dəyirman öz işində, çax-çax baş ağrıdır”.

(Əldə etdiyimiz məlumata görə, sözügedən zavod rəsmən AAYDA-nin nəzdində olsa da, de-fakto ölkədə sayılıb-seçilən bir nüfuz sahibinə məxsusdur. Red.)

Biz məlum qanun və prinsiplərə uyğun olaraq 30.06.2025-ci il tarixdə aidiyyatı dövlət strukturlarından ikisinə - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri cənab Saleh Məmmədova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə video və fotofaktlarla birlikdə online rəsmi sorğu ünvanlamışdıq.

İkinci instansiya redaksiyamıza göndərdiyi cavab məktubunda problemi etiraf etmiş və 2024-cü ildə bu zavodda monitorinqlər aparıldığını, ciddi nasazlıqlar aşkar edildiyini bildirmişdir. Müəssisənin rəhbəri 4000 manat, MMC isə hüquqi şəxs qismində 10500 manat cərimə edilmişdir.

Birinci instansiyadan- Saleh Məmmədovun rəhbərlik etdiyi qurumdan isə heç bir səs-soraq yoxdur(?) Baxmayaraq ki, sözügedən Asfalt zavodun səsi-sorağı davam etməkdədir: minlərlə insanın can sağlığı 5-3 kimsənin cibinin qurbanı olur...

Saleh müəllimə təkrar xatırlatmada fayda var: Böyük bir dövlət təşkilatına rəhbərlik edib də, dövlət siyasətinin əleyhinə getmək və özəl maraqlar xatirinə bir toplumun can sağlığını gözardı etməyin adı başqadır!

AAYDA-nin doğurduğu ekoloji fəlakətlər təkcə Asfal zavodları ilə bitmir. Ölkənin şimal və şimal-qərb zonalarında müxtəlif çaylar üzərindəki karxanalar da Asfalt zavodlarından geri qalmır. Təbii ki, cənab Məmmədovun “xeyir-duası ilə”...

Dövlətin milyonları yollara belə səpilir

Etiraf edək ki, paytaxt Bakıdan tutmuş ölkənin bütün ucqar məntəqələrinə qədər yol infrastrukturunda yenilənmələr var və davam etməkdədir. Burası gözəl... Amma, bu istiqamətdə bizim diqqət yönəldilməsini vacib bildiyimiz faktorlar da var.

Söhbət dövlətin pulunun necə xərclənməsindən gedir.

Xatırladığımız bu yazıdan sonra Yenixeber.org-a AAYDA-nin və sədr olaraq Saleh Məmmədovun fəaliyyəti ilə bağlı həm ictimai arenada, həm də bəlli rəsmi dairələrdə maraqla qarşılana biləcək məlumatlar daxil olmaqdadır...Məlumatlarla və araşdırmalarımızla belə məlum olur ki, AAYDA-nin dövlət büdcəsinə vurduğu zərər heç də, ekologiyaya püskürdüyü zəhərindən geri qalmır.

AAYDA dövlət büdcəsindən ən çox vəsait ayrılan təşkilatlardan biri və bəlkə də birincisidir. Bəzən isə avtomobil yolları ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən əlavə, Prezidentin ehtiyat fondundan da ayırmalar müşahidə olunur. Bunun statistikasını aparmaq və ictimailəşdirmək çətin də olsa mümükündür. Amma, məsələ statistikada deyil, dövlət başçısının xoş məramla ayırdığı milyonların necə xərclənməsindədir...

Saleh Məmmədovun rəhbəri olduğu bu qurum dövlət satınalmalarını birmənalı olaraq “unudub”. AAYDA-nin hansısa bir layihəsində tender və katirovkalara rast gəlmək demək olar ki, mümkünsüzdür. Bütün işlər AAYDA-nin tabeli müəssisələri tərəfindən həyata keçirilir(?) Ki, bu faktor da müəyyən fəsadlarla bərabər, ciddi suallara da yol açır...

Ölkədə yol inşaatı sahəsində yetərincə potensiala sahib, ixtisaslaşmış özəl şirkətlər var. Nədənsə bu şirkətlər az hallarda Saleh Məmmədovun “yadına düşür”. Hansı ki, həm görüləcək işlərin keyfiyyəti, həm də xərclənəcək dövlət vəsaitinə qənaət baxımından bu şirkətlərə şans tanımaq daha uyğun olardı. Bunun yolu isə satınalmalar müsabiqəsindən keçir...

(Bu haqda qarşıdakı günlərdə ekspertlərin fikirləri və araşdırmalarımızla ayrıca yazımız olacaq. Red.)

Saleh Məmmədov prezidenti də, aldadır?!

Az öncə ötəri toxunduğumuz kimi, ölkədə çəkilən yollarla bağlı yumşaq desək birmənalı fikir yoxdur. Az sayda yollar istisna, çəkilən yolların ömürü yaxşı halda bir il olur...Bu problem konkret faktlarla mediada da, sosial şəbəkələrdə də həndəsi silsilə şəkilində ictimailəşir. Təəssüf ki, aktuallığını itirəcək kimi də görünmür...

Heç də uzağa getmədən, bir faktı xatırladaq: 2024-cü ilin noyabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışı oldu.


Xatırladaq ki, uzunluğu 12,7 kilometr olan yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirşağı qəsəbələrinə qədər uzanır.
Bu yol da, AAYDA-nın təmtəraqlı məhsullarındandır. Hansı ki, açılışında Saleh Məmmədov yolun keyfiyyəti, üstünlüyü haqda bolluca danışmışdır.

Gözlənilən kimi də oldu: üstündən heç 1 il keçməmiş yeni yolun böyük bir hissəsi təmirə bağlandı. Pirşağı, Kürdəxanı, Nardaran istiqamətində hərəkət edən sürücülərin sevinci çox çəkmədi.Yolda asfalt yenilənməsi gedir. Bu da dövlət vəsaitinin dədə malı kimi xərclənməsinin göstəricisi olmaqla bərabər, kilometrlərlə tıxacların yaranmasına səbəb olur.
Belə məlum olur ki, Saleh Məmmədov ya bilmədən cənab prezidentə yalan məlumat verib, ya da bilərəkdən aldadıb...Ki, hər iki halda onun sorğu-sual edilməsi zərurətə çevrilir.

Ümid edək ki, ən yaxın zamanda “N” sayda olan bu kimi faktlara aidiyyatı dövlət orqanlarının susqunluğu pozulacaq...

Yenixeber.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...