Rektor Aqrar Universitetə bazar kimi baxır

Rektor Aqrar Universitetə bazar kimi baxır

Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti adından Azərbaycan Respublikasının Prezidenti, cənab İLHAM ƏLİYEVƏ və kənd təsərrüfatı naziri, cənab İNAM KƏRİMOVA ünvanlanmış müraciət GUNDEMİNFO.AZ-a daxil olub. Saytımız vasitəsilə müraciət edən müəllimlər qeyd edir ki, ali təhsil ocağında geridəqalmış təhsil sistemi, buradakı neqativ hallarla bağlı heç bir mübarizə aparılmır.

GUNDEMİNFO.AZ-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

- Hər bir dövlətin gücü və qüdrəti tək onun təbii sərvətləri ilə deyil, məhz möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin qeyd etdiyi kimi, elmi-intellektual potensialı, insan kapitalı ilə müəyyənləşir. İqtisadiyyatla elmin səmərəli vəhdətinə nail olmaq, innovasiya texnologiyalarını tətbiq etmək, elmi biliklərə əsaslanan yeni iqtisadi inkişaf modelini formalaşdırmaq, gənclərdə elmə marağı gücləndirmək bu siyasətin əsasını təşkil edir. İqtisadi inkişaf modelinin formalaşdırılmasına yüksəkixtisaslı mütəxəssislərin fəaliyyəti ilə nail olmaq olar. Bunun üçün gələcək bütöv bir savadlı, yüksək təhsilli nəslin yetişdirilməsi, formalaşdırılması vacib məsələlərdəndir. Gələcək nəslin formalaşdırılması üçün güclü maddi-texniki baza ilə yanaşı savadlı, təcrübəli professor-müəllim kollektivinin olması da əsas şərtdir. Bu məqsədlə fikrimizi dahi Azərbaycan şairi, mütəfəkkir Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsiminin ifadəsi ilə qeyd etmək istəyirik - “Əflatun deyir: Əgər başmaqçı kamil sənətkar olmasa dövlət bundan o qədər də zərərli olmaz, camaat pis ayaqqabı geyinər, vəssalam. Amma uşaqların müəllimləri öz borclarını ləyaqətlə ödəməsələr, məmləkətdə cahil və yaramaz adamlardan ibarət bütöv bir nəsil peyda olar.”

Bütöv bir savadlı gələcək nəsilin peyda olması üçün Universitetdə artıq yeniliklər etmək lazımdır. Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində hazırlanan mütəxəssisləri heç bir əmək bazarında qəbul etmək istəmirlər.

Bir əsrə yaxın yaşı olan Universitetdə 15 il öncə islahatlara başlanılmış və hazırda da dövlət tərəfindən daim diqqət və qayğı göstərilməkdədir. Bütün bu islahatlara ADAU-nun sabiq rektoru, mərhum professor Mirdamət Sadıqovun dövründə başlanılmış, onun tərəfindən fakültələrin, ixtisasların, kafedraların və tədris binalarında laboratoriyaların struktur yerləşdirilməsi həyata keçirilmişdir. Hətta, universitetin uzunmüddətli dövrdən sonra Əsasnaməsi işlənərək təsdiq olunmuşdur. Belə ki, kafedraların adı, tədris olunan fənlər yenilənmiş və əsaslı islahatlar aparılmışdır. Həmin müddətdən artıq 10 il keçir. Bu gün nə Əsasnamə yenilənmiş, nə də kafedraların adı və laboratoriyaların yeri dəqiqləşdirilmişdir. Belə ki, bu gün bir çox ixtisaslar üzrə olan kafedralar sanki, keçmiş Sovet dövrünü xatırladır. Fikir verin, bu gün universitetdə “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrası fəaliyyət göstərir. Hətta bu kafedra üzrə elan verilir.

Vallah, ayıbdır. Bu gün qeyd olunan ixtisaslar Nazirlər Kabinetinin ixtisas nomenklaturasından belə çıxarılmışdır (hazırda bir çox universitetlərdə bu ixtisasın adı “Logistika mühəndisliyi” kimi gedir). Eləcə də “Maşın mühəndisliyi və standartlaşdırma” kafedrası. Hansı ki, standartlaşdırma ixtisası da bu gün fəaliyyət göstərmir. Sonra köhnə Sovet rejimindən qalan “Kənd təsərrüfatı texnikası” kafedrası. Bir anlığa təsəvvür edin rus dilində bu kafedra “Selxoztexnika” və ya “Kolxoztexnika” kimi səslənir. “Texniki mexanika və qrafika” da köhnədən qalmış adlardandır. Bu gün artıq bir çox çertyoj və sxemlər Kompyuter qrafikası ilə həll olunur. Bunları çox sadalamaq olar, lakin bunlara bir dəfə M.Sadıqovun vaxtında toxunulmuşdur. Əgər universitetin rəhbərliyində bu gün təhsil haqqında anlayış olsa və yaxud təhsildə çevik reforma aparmaq qabiliyyəti olsa idi, bunlar hamısı müasir standartlara cavab verəcək formada olardı. Dünya təcrübəsində mütəxəssis kafedralarda ixtisaslar üzrə hazırlanmalıdır. Buna uyğun Aqrar Universitetin əksər kafedralarının adları ixtisaslarla uzlaşmır.

Bunlarla yanaşı yeni tədris binasında yerləşən fakültə və kafedralar barəsində bildirmək istəyirik ki, elementar təhsildən başı çıxan mütəxəssis burada ixtisas, kafedra və fənlərin yerləşdirilməsini düzgün aparardı. Burada laboratoriyalar tədris üçün yox, Universitetə gəlib-gedən bir çox qonaqlar və nümayəndələr üçün muzey kimi göstərmək (pokazuxa) üçündür. Burada müvafiq kafedra əvvəlki binada yerləşsə də ona aid olan bir çox laboratoriyalar yeni binada formalaşmışdır və yaxud əksunə. Mühəndislik fakültəsinə aid olan maddi-texniki baza Baytarlıq təbabəti fakültəsinin həyətində tələbəyə 2-3 dəfə göstərmək üçündür. Bunun üzərində payız-qış dövründə əyani məşğələ aparmaq mümkün deyildir. Çünki burada auditoriyalar yoxdur. Mühəndislik fakültəsində isə auditoriyalarda işçi yerlər və laboratoriyalar yoxdur. Epizotologiya, mikrobiologiya və parazitologiya” kafedrasında “İnfeksion xəstəliklər” laboratoriyasının yanında pomidor-xiyar yetişdirilən istixana yerləşir. Bu da qida təhlükəsizliyi baxımından cinayətdir. Bunları sadalamaqla qurtarmaq mümkün deyildir.

Lakin Universitetin rektoru İbrahim Cəfərovu heç nə maraqlandırmır, o ancaq özünə maraq göstərir. Elə bil universitetə Böyük Ticarət Mərkəzi kimi baxır. Onun bunları edəcək qabiliyyəti və təcrübəsi yoxdur. Çünki o özünü hamıdan qabiliyyətli və ağıllı hesab edir. Kimsə ona yol göstərib, göstəriş versə, onu təhqir edər və aşağılayar. Onun amalı ancaq puldur. O Universitetdə islahatları fikirləşmək əvəzinə ancaq rüşvət və maxanasiyaları fikirləşir. Özü kimi də, tədrisin başında səriştəsiz və təcrübəsiz karyerist adamlar durur. Hazırda auksiyona qoyduğu kafedralarda Şou yaradaraq qiymət qaldırır. İndi də saxta yolla seçilmiş Aydın İsayevin qohumu maliyyə idarəsinin rəisinin vasitəçiliyi və şəhər rəhbərliyinin köməyilə 15 min manat müqabilində Ayaz Həsənovu “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasına müdir təyin edir. Aydın İsayev Ayaz Həsənovdan rüşvəti və dərs yükünü satıb pul qazanmağın yollarını öyrəndiyi üçün onun müqabilində Ayaz Həsənovun kafedra müdiri seçilməsi üçün qohumu ilə birlikdə canfəşanlıq edir. Camaləddin Məmmədov da artıq özünü “Texniki mexanika və qrafika” kafedrasının müdiri kimi aparır.

Aydındır ki, İbrahim Cəfərovun bu kimi işlərdən vaxtı yoxdur ki, Universitetdə əsaslı islahatlar aparsın.Tədrisin rəhbəri də ancaq ona pul yığmaq və Facebook-da “ilin rektoru” olmaq üçün səs yığmaqla məşğuldur.

İndi isə rektor müxtəlif adamlara pul verib özünü saytlarda təriflətməklə, onun haqqında universitet əməkdaşlarının yazdıqları şikayət məktublarını təkzib etdirməklə məşğuldur.

Odur ki, bu gün Azərbaycan Dövlət Aqrar Universiteti müasir təhsil sistemindən demək olar ki, tamamilə geri qalır və keçmiş Sovet rejiminin təhsilini xatırladır.

Biz ölkə rəhbəri hörmətli Prezidentimizdən və Kənd Təsərrüfatı Nazirimizdən xahiş edirik ki, təcili tədbir görəsiniz. Cənab Prezident, biz Sizin apardığınız islahatlara, diqqət və qayğıya hörmətsizliyi qəbul edə bilmirik. Bu gün buraxılacaq kadr siyasəti üzrə səhvliklər bu Universiteti məhvə aparır. Tezliklə nəticə və böyük ümidlər gözləyirik.

Hörmətlə,
prof. Əhməd Adil oğlu Ramazanov
prof. Nurəddin Əli oğlu Vəliyev
dosent Həcər Musa qızı Mehdixanlı
dosent Asəf Rza oğlu İslamov
dosent Zakir Əhməd oğlu Əliyev
müəllim Ramil Yəhyayev

Qeyd: Müraciətdə qeyd edilənlərlə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...