Əvvəl sevindi, bir neçə dəqiqə sonra isə həbsə getdi

Əvvəl sevindi, bir neçə dəqiqə sonra isə həbsə getdi
Altı nəfəri aldadıb külli miqdarda pul ələ keçirməkdə ittiham olunan şəxsin ilk məhkəməsində maraqlı anlar yaşanıb.

“Qafqazinfo”nun məlumatına görə, Əli Abbasov 6 nəfərə müxtəlif formada yalan vədlər verərək 328 min 460 manat pul ələ keçirməkdə təqsirləndirilir.

Bundan başqa, Əliyə qarşı qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı qadını döymə ittihamı irəli sürülüb. Amma istintaq dövründə həbs edilməyib, barəsində başqa qətimkan tədbiri seçilib.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə ilk iclas keçirilib. Amma elə həmin iclasda iş dayandırılıb.

Buna səbəb isə ilkin istintaq dövründə təqsirləndirilən şəxsin hüquqlarının pozulması olub. Vəkil vəsatətində deyib ki, nə müvəkkilinə, nə də özünə cinayət işinin materialları ilə tanış olmağa şərait yaradılıb. Özü isə tanışolma vaxtı ölkədə olmayıb.


Zalda əyləşən zərərçəkmişlər vəsatətə etiraz edərək işin məhkəmə baxışına verilməsini istəsələr də, prokuror bununla razılaşmayıb. İttiham tərəfi təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına göz yumaraq məhkəmə araşdırması aparılmasının mümkünsüz olduğunu deyib.

Məhkəmə tərəfləri dinlədikdən sonra kobud qanun pozuntularına görə işə baxılmasına xitam verildiyini elan edib. Cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.

Qərar təqsirləndirilən şəxsin ürəyincə olsa da, onun sevinci qısa sürüb. Belə ki, prosesin davamında zərərçəkmiş şəxslər iş geri qayıtsa da, Əlinin azadlıqda qalmasını istəməyiblər. Onlar bunu təqsirləndirilən şəxsin şahidlərə və zərərçəkmişlərə müəyyən təzyiqlər göstərməsi, sübutları saxtalaşdırmağa çalışması və digər hallarla əlaqələndiriblər. Zərərçəkmişdən fərqli olaraq prokuror Fuad Musayev qətimkan tədbirinin dəyişdirilməsinə münasibət bildirməyib, qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Hakimlərin müşavirə otağında birgə qərarı belə olub ki, zərərçəkmiş şəxslərin vəsatəti təmin olunmalıdır. Qərara əsasən, Əli Abbasov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib, o, məhkəmə zalında həbs edilərək Bakı İstintaq Təcridxanasına gönərilib.

Müttəhim və vəkili qərara etiraz edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
243 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...