Prokuror Binəqədidə yanan binaya görə təqsirləndirilənlərə şərti cəza istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fərid Sadıqovun telefonuna hadisə baş verən gün gələn zənglərin protokolunun məhkəməyə daxil olduğu bildirilib.
Prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub. Daha sonra prokuror çıxış edib. O, F. Sadıqov və Z. Əşrəfova şərti cəza verilməli olduğunu deyib. Dövlət ittihamçısı bildirib ki, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxslərin hər iksinə 3 il şərti cəza verilsin, barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilsin, məhkəmə zalından azadlığa buraxılsınlar.
Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.
Xatırladaq ki, təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada vəfat edib. Məhkəmədə onun hüquqi varisi Asif Muxtarov iştirak edir.
1018 dəfə oxundu