Azərbaycanda 35 dini ekstremist həbs olunub
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 75 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 37 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarış işinin nəticələri müqayisə edilən dövrə nisbətdə 2,4 faiz yaxşılaşaraq 71,5 faiz təşkil edib. Eyni zamanda, müxtəlif cinayətlər törətmiş 13.911, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2429 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub.
AzVision.az xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün keçirilən kollegiya iclasında bildirib. Onun sözlərinə görə, mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2755 cinayət törətmiş 1032 qrup zərərsizləşdirilib.
Daxili işlər naziri qeyd edib ki, dövlətin iqtisadi təhlükəsizliyinin qorunması kimi xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 33 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 47 min manat, 10 min ABŞ dolları və 9 min 500 avro olan 931 ədəd müxtəlif nominalda saxta əskinas, habelə istifadə müddəti ötmüş 35 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb. Bununla yanaşı, valyuta qanunvericiliyinin tələblərini pozmaqla ümumilikdə 195.650 ABŞ dolları və 30.000 avro satan 7 şəxs saxlanılıb, toplanmış materiallar aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilib, daha 262 şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.
Nazir qeyd edib ki, dini ekstremizmə qarşı mübarizə tədbirləri də davam etdirilərək əsas diqqət dini radikalizmin və dini fanatizmin təbliğatını aparan, vətəndaşları ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb edən şəxslərin müəyyənləşdirilməsinə yönəlib: “Bu cür əməllərə görə 35 şəxs cinayət, 223 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlardan 4 avtomat, 4 tapança, 34 ədəd əl qumbarası, 7 kq partlayıcı maddə, çoxlu sayda döyüş sursatı, minlərlə qanunsuz dini ədəbiyyat, elektron daşıyıcılar və s. aşkarlanaraq götürülüb”.
O, bildirib ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 2015-ci illə müqayisədə 123 kiloqram çox, bütövlükdə, 934 kq narkotik vasitə çıxarılıb, 70 cinayətkar qrup zərərsizləşdirilib, 2573 nəfər məsuliyyətə cəlb olunub. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 148 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib:
“İnsan alverinə qarşı mübarizədə 2015-ci illə müqayisədə ötən il 29,4 faiz çox və ya 141 cinayət müəyyən edilib, 22 nəfərdən ibarət 9 cinayətkar qrup zərərsizləşdirilib, bu əməllərin qurbanı olmuş 70 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib. Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 34.126 cinayət işinin istintaqı aparılıb ki, onların 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Araşdırılmış cinayət işlərinin 42,8 faizinin istintaqı tamamlanaraq ittiham aktı ilə məhkəmələrə göndərilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi isə 6,2 faiz yaxşılaşaraq 70,4 faiz təşkil edib. Hesabat ilində respublikanın ərazi polis orqanlarına daxil olmuş 165 min 939 cinayət xarakterli məlumatın 91 faizi təhqiqatçılar tərəfindən araşdırılıb ki, bu da 2015-ci illə müqayisədə 29 faiz çox olub”.
916 dəfə oxundu