Məhkəmə ərini öldürməkdə təqsirləndirilən qadına bəraət verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmədə ona bəraət verilməsi haqqında hökm çıxarılıb.
Qeyd edək ki, ötən ilin iyulun 23-də Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən həyat yoldaşı Nuridə Kərimova tutulub.
Məlum olub ki, V.Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn V.Kərimov N.Kərimova ilə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və zərbələr endirib.
Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, artıq gec olub. Cütlüyün 4 yaşlı qızı qalıb. Azyaşlı hadisə vaxtı ana babasının evində olub.
N.Kərimova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
940 dəfə oxundu