Məhkum hakimin kassasiya şikayəti təmin edilməyib
Ali Məhkəmədə dələduzluq və rüşvət almada təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasına baxılıb.
"Report"un məlumatına görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, ittiham aktına əsasən, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova üz tutub. Elman Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. H.Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb.
Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və Elman Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.
İstintaq dövründə H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə), 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 8 il, T.Süleymanov 7 il, H.Əliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan H.Əliyev məhkəmə zalında həbs edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. H.Əliyev günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxslər isə cəzalarının azaldılmasını istəyiblər.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin apellyasiya şikayətləri təmin edilməyib.
Prezident İlham Əliyev H.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi H.Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.
992 dəfə oxundu