4 kq-dan artıq civəni satmaq istəyərkən tutuldu
Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən daha bir şəxsi aşkar ediblər.
Komitənin mətbuat xidmətindən Gundeminfo.az-a verilən məlumata görə, Baş İdarənin Əməliyyat İdarəsinin əməkdaşları əvvəlcədən daxil olan məlumat əsasında əməliyyat keçirib. Əməliyyat nəticəsində Bakı-Qazax avtomagistral yolunun 245-ci kilometrliyində, Kürdəmir rayonu ərazisindəki restoranlardan birinin qarşısında Azərbaycan vətəndaşı Tağıyev Elbariz Rəfayıl oğlu ümumi çəkisi 4330 qram olan civəni əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.
Faktla bağlı DGK İstintaq İdarəsində Cinayət Məcəlləsinin 240.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə Azərbaycan vətəndaşı Tağıyev Elbariz Rəfayıl oğlu şübhəli şəxs qismində tutulub, CM-in 240.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunub.
Hazırda cinayətin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, gömrük əməkdaşları tərəfindən bundan öncə iki fakt üzrə ümumi çəkisi 9894,5 qram olan civəni satmaq istəyən şəxslər də aşkar edilərək saxlanılıblar.
815 dəfə oxundu