Hitlerin nazirinə məxsus olmuş silahı ələ keçirdi və həbs olundu - Bakıda
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və qanunsuz olaraq soyuq silah satmaqda ittiham olunan Vəli Cəlalovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim İradə Həsənzadə sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Vəli Cəlalov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaqla müəyyən edilib ki, V. Cəlalov özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Cavid Bağırova məxsus, dəyəri 50 min manat təşkil edən, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Ekspert Komissiyasının rəyinə əsasən, 1936-cı ildə Almaniyada istehsal olunmuş, Adolf Hitlerin dostu, arxitektor və Almaniyanın silahlanma və hərbi naziri olmuş Albert Şpeyerin adına hazırlanan qoşalüləli, qızıl və gümüşlə bəzədilmiş bir ədəd ov tüfəngini satacağını deyərək, silahı ondan alıb və qaytarmayıb.
Zərərçəkmiş isə buna görə polisə şikayət edib.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vəli Cəlalovdan tarixi əhəmiyyət kəsb edən, satış məqsədilə əldə etdiyi XVII və XVIII əsrə aid, Osmanlı İmperiyasında istifadə olunan, qızıl və gümüşlə işlənmiş qılınc götürülüb.
V. Cəlalova qarşı Cinayət Məcəlləsinin 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 178.3.2. (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
751 dəfə oxundu