Natavan Mirvətova MTN generalı Elçin Quliyevin cinayət işi üzrə dindirilib
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə həmin nazirliyin Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova şahid qismində dindirilib.
APA-nın məlumatına görə, Natavan Mirvətova ibtidai istintaq zamanı ifadəsində bildirib ki, MTN əməkdaşı, mərhum Malik Mustafayevi MTN-in Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində işlədiyi vaxtdan tanıyıb: “Malik Mustafayev hələ nazirliyin 5-ci baş idarəsində xidmət edən zaman Kadrlar İdarəsindən mənimlə əlaqə saxlayaraq onu rəisi olduğum idarəyə işə götürə bilib-bilməyəcəyim barədə soruşurdular. Mən də buna razılıq verdim. Malik Mustafayevin özü ilə də bu barədə söhbət etdim. Lakin sonradan eşitdim ki, Malik Mustafayev digər idarəyə təyinat alıb”.
Natavan Mirvətova qeyd edib ki, 3 noyabr 2014-cü il tarixdə Malik Mustafayevin intihar etməsi barədə idarədə işçilərdən eşidib: “Həmin zaman eşitdim ki, Malik Mustafayev Nazirliyin Situasiya Mərkəzinin rəis müavini vəzifəsində işləyib və son dövrlərdə həmin vəzifədən sərəncama göndərilib. Həmin vaxt mənə məlum oldu ki, Malik Mustafayevin qardaşının Milli Təhlükəsizlik Nazirliyi ilə hansısa problemi olub. Bildiyimə görə qardaşının Kərəm Həsənovla hansısa problemi olub, buna görə onu Milli Təhlükəsizlik Nazirliyinə dəvət edərək söhbət aparıblar. Malik Mustafayevin qardaşı mətbuatda Kərəm Həsənovun əleyhinə hansısa məlumatlar yazıb. Bu isə Malik Mustafayevə pis təsir edib. Malik Mustafayevin qardaşı Mətləb Mustafayevi tanımamışam. Onun barəsində istintaq baş idarəsində cinayət işi olması barədə məlumatım olmayıb”.
Natavan Mirvətova bildirib ki, rəisi olduğu idarənin 5-ci şöbəsində Mətləb Mustafayevin cinayət işi üzrə silah tədqiq olunsa da, həmin zaman Mətləb Mustafayevin Malik Mustafayevin qardaşı olması barədə məlumatı olmayıb: “Bu barədə mənə nə istintaq baş idarəsindən, nə də 5-ci şöbədən məlumat verilib. İstintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyev mənə tədqiq olunması üçün məktubla silah-sursat, əl-barmaq izləri göndərib. Mən də həmin predmetləri tədqiq olunması üçün 5-ci şöbəyə həvalə edərək araşdırmanın yekununa dair arayışı və həmin predmetləri geri qaytarmışam. Deyilən predmetlərin qaytarılma tarixi kimi məktubda 11 sentyabr 2014-cu il kimi qeyd olunubsa, çox güman ki, həmin tarixdə də yekun arayış tərtib olunaraq göndərilib. Rəisi olduğum idarədə gecikmə halları və ya geri tarixlə sənəd tərtibatı halları olmayıb”.
MTN-in Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilirlər.
1001 dəfə oxundu