"Lotu Quli"nin adından müğənnilərdən pul tələb edənlər məhkəməyə çıxarılır - cinayət işi
Bakıda "Lotu Quli"nin adından istifadə edərək musiqiçilərdən pul tələb edən şəxslərin məhkəməsi başlayır.
Musavat.com xəbər verir ki, "Şeron" musiqi qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədov və Ramil Qasımovdan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çayıb və iş məhkəməyə göndərilib.
Cinayət işi Binəqədi Rayon Prokurorluğunda araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu iş üzrə hazırlıq iclası hakim Əhməd Quliyevin sədrliyi ilə mayın 11-də baş tutacaq. Hadisənin təfərrüatı haqda bikdirək ki, ittiham aktına yazılır ki, V.Bağırov, G.Xəlilov, İ.Həsənov, E.Bağırov, A.Məmmədov və Ə.Quliyev özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olaraq cinayətkar qrup yaradıblar.
Onlar özlərini "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim ediblər. İttihama görə, onlar hər yerdə cinayətkar əlaqələrinin və saylarının həddən artıq çox olduğunu deyərək, üzərlərində gəzdirdikləri silahlarla hədə-qorxu gəliblər. 2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayının 6-dək "Şeron" qrupunun sabiq üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İ.Məmmədovla R.Qasımovun hər birindən 12 min manat və 4 min dollar vermələrini tələb edərək vaxt qoyublar.
Cinayət işi materiallarında qeyd edilir ki, həmin şəxslər tələb etdikləri məbləğin çatdırılması üçün hədə-qorxu gəldikləri şəxslərə əlavə vaxt veriblər.
Onlar qoyduqları vaxtın artırılması üçün "Lotu Namiq"dən icazə almaq adı ilə 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində İ.Məmmədovla R.Qasımovun hər birindən 500 dollar olmaqla ümumilikdə 1000 dollar alıblar. Onlar bir qədər sonra isə İ.Məmmədova məxsus "Mercedes Benz S-klas" markalı avtomobilini əlindən alıblar və tələb etdikləri pulun 10 min manatı ilə əvəzləşdiriblər.
Bundan başqa, Ə.Quliyev və digərləri 2016-cı ilin noyabr ayının 30-da, saat 23:30 radələrində Nəsimi rayonu ərazisindəki kafelərin birində R.Qasımovdan 4 min dollar alıblar.
2017-ci ilin yanvar ayının 6-da isə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Ankara" şadlıq evinin yaxınlığındakı kafedə R.Qasımovdan qalan 12 min manat pulu istəyərkən Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Ə.Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
O da məlum olub ki, Ə.Quliyev DİN-in Baş Mühafizə İdarəsinin (BMİ) Nəsimi Rayon İdarəsində mülki mühafizəçi vəzifəsində çalışıb.
1231 dəfə oxundu