Bakıda baş verən avtobus qəzası ilə bağlı yük maşınının sürücüsü tutulub
Daxili İşlər Nazirliyi Bakının Qaradağ rayonunda baş vermiş ağır yol qəzası haqqı nda məlumat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, noyabrın 21-də saat 13 radələrində Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Lənkəran şəhər sakini Yusif Həsənov idarə etdiyi “Hovo” markalı yük avtomobilini yolun kənarında dayanmış “İsuzu” markalı 149 saylı xətt avtobusuna vurub. Nəticədə avtobusdakı sərnişinlərdən 4-ü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
Faktla bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə cinayət işi başlanılıb.
Yük avtomobilini idarə edən Y.Həsənov qeyd olunan maddə ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
***
Bakı-Qazax magistral yolunun 16-cı kilometrliyində, paytaxtın Qaradağ rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV xəbər verir ki, avtoqəza zamanı 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, 149 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu sərnişinlərin düşməsi üçün yolun kənarında dayanıb. Bu vaxt eyni istiqamətlə hərəkət edən "Howo" markalı yük maşını arxadan avtobusa çırpılıb.
Nəticədə avtobusda olan sərnişinlərdən 10 nəfəri xəsarət alıb. Yaralılar 1 saylı Xəstəxanaya çatdırılıb. Onlardan 2 nəfəri evə buraxılsa da, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.
Yol qəzasının təfərrüatlarını Baş Dövlət Yol Polisi İdarəsinin istintaqçıları araşdırır.
942 dəfə oxundu