Vidadi Zeynalovun ailə üzvləri müraciət etdi - əmlaklarına qoyulan həbs götürülsün
Hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.
V. Zeynalovun qardaşı Vahid Zeynalov APA-ya bildirib ki, dünən Ali məhkəməyə təqdim olunan şikayətdə ailə üzvlərinin bəzi əmlakları üzərinə qoyulan həbsin götürülməsi istənilir: “Anamın, bacımın adına olan mülklər var ki, onların da üzərinə həbs qoyulub. Halbuki bunların Vidadi Zeynalovun işi ilə heç bir əlaqəsi yoxdur”.
Onun sözlərinə görə, V. Zeynalovun barəsindəki cinayət işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilməyəcək: “Bu şikayət yalnız mülki məsələ ilə bağlıdır”.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin etməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Vidadi Zeynalovun cəzası 4 ilə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.
“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində isə 2 il sınaq müddəti ilə şərti cəza seçilib, o, məhkəmə zalından azadlığa buraxılıb. Emin Məmmədov və Anar Mustafayev barəsində də 2 il müddətinə şərti cəza seçilib və onlar iclas zalından azadlığa buraxılıblar.
Qəmbər Bəybalayev barəsində də şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa çıxıb.
927 dəfə oxundu