“Leyla Şıxlinskaya dedi, səni tutduracam“ - Baş mühasib
"Leyla Şıxlinskaya" klinikasının mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Yelena Abdullayevanın və digərlərin cinayət işi üzrə məhkəmə davam edib
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə klinikanın baş mühasib Şəhla Abbasova ifadə verib.
O bildirib ki, klinikanın rəhbəri Leyla Şıxlinskaya ilə əvvəllər münasibətləri yaxşı olub: "Hər gün xəstələr həkimlərə yönəldilirdi. Qeydiyyat şöbəsində olan pullar da mühasibə göndərilirdi. Klinikada olan xərclər barəsində məni xəbərdar edirdilər. Cinayət işi başlanmamışdan əvvəl yoxlama oldu. Hələ Leyla xanım bizə mükafat da verirdi".
Baş mühasib bildirib ki, bir müddət sonra Leyla xanımla münasibətləri pisləşib: "Bir neçə dəfə işdən çıxmağımla bağlı ərizə yazdım, lakin Leyla Şıxlinskaya icazə vermədi. “Mən çıxmaq istəyirəm” deyəndə Leyla Şıxlinskaya mənə belə dedi: "Səni tutduracam". Bir neçə həkim öz xoşu ilə oradan ayrılmayıb".
Məhkəmə yanvarın 4-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.
Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adıçəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilmişdi.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.(lent.az)
904 dəfə oxundu