“Dedi ki, nazirin göstərişi var, əməliyyat qrupu yaradılıb” – MTN işi

“Dedi ki, nazirin göstərişi var, əməliyyat qrupu yaradılıb” –

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Natiq Alıyev zərərçəkmiş Kamal Seyfullayev epizodu üzrə dindirilib.

O, ittihamları cəfəngiyat adlandırıb.

Natiq Alıyev Kamal Seyfullayevin telefon danışıqlarının MTN-nin Monitorinq mərkəzinin sabiq rəisi Teymur Quliyev və həmin mərkəzin sabiq baş mütəxəssisi Fərhad Atayev tərəfindən qanunsuz dinlənilməsinin təmin edilməsi, 2014-cü ilin dekabr ayında Sübahir Qurbanov, sabiq əməkdaşlar Füzuli Əliyev, özü, Zaur Məmmədov tərəfindən həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edilməsi, Kamal Seyfullayevi və İlkin İbadovu azadlıqdan qanunsuz məhrum etməklə hədə-qorxu ilə 2.000.000 manat nağd pul vəsaitinin tələb edib ələ keçirilməsi ilə bağlı danışıb.

O, bu əməllərini etiraf etməyib. Bildirib ki, ki, Baki tikinti və Alfa MMC-lərin fəaliyyətinə dair hər hansı yoxlama aparmayıb: “Füzuli Əliyev məni çağırmaqla pulların nağdlaşdırılması ilə məşğul olan Kamal Seyfullayevin tutulması və MTN-nə gətirilməsinə dair əməliyyat tədbirlərinin keçirilməsi barədə sabiq nazirin və baş idarənin rəisi Sübahir Qurbanovun göstərişləri ilə əməliyyat qrupu yaradıldığını bildirdi. Füzuli Əliyev, Zaur Məmmədov və idarənin bütün əməkdaşları ilə birlikdə “Olimpik Star” idman mərkəzinin yanında Kamal Seyfullayevin olduğu avtomaşını saxladıq. Onu əvvəl “Sultan” kafesinə gətirdik. Sonra isə MTN-nin NBM-nə təhvil verdik. Bundan sonra həmin şəxslə heç bir iş görməmişəm. Sonra işə gələrkən Kamalı MTN-nin binasının yanında gördüm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Füzuli Əliyev tədbirin davam edilməsi barədə göstəriş verib: “Biz Kamal Seyfullayevin iştirakı ilə “Texnikabank”ın Səməd Vurğun küçəsində olan filialına gəldik. Kamal bizim nəzarətimizlə banka daxil oldu. Orada tanımadığım pul sahibi və bilmədiyim təşkilatın rəhbəri Kamalı gördükdən sonra çekə əsasən bir-iki kisədə olan pulları inkassator maşınına verdik. Sonra bankdan çıxdıq. Biz öz iş yerimizə qayıtdıq”.

Natiq Alıyev qeyd edib ki, İlkin İbadovun MTN-nin binasında saxlanılması barədə məlumatı olmayıb. O, Kamal Seyfullayevin onlara 2 milyon manat pul verilməsini təsdiq etməyib.

Hazırda prosesdə fasilə elan olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1005 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...