"Həkimlərə ayda 30 min maaş verirdik"- Məşhur klinikanın məhkəməsində

"Həkimlərə ayda 30 min maaş verirdik"-

"Leyla Şıxlinskaya" klinikasının mənimsəmədə və vergidən yayınmada təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseynova, Yelena Abdullayevanın və digərlərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə klinikanın sabiq baş mühasibi Şəhla Abbasova sualları cavablandırıb.

O bildirib ki, işdən çıxandan sonra klinikada yoxlama aparılmasını tələb edib: "Biz işdən çıxmaq üçün ərizə yazdıq. Tələb etdik ki,yoxlama aparılsın. Lakin Leyla xanım buna imkan vermədi. Bir müddət keçəndən sonra gördük ki, işimiz "Bandontel"dədir (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi - red). Bizə irəli sürülən ittihamda bildirilər ki, guya biz sənədi məhv etmişik. Halbuki, biz sənədləri mansardda saxlayırdıq. Sonra gəlib bizə akt tərtib etdilər ki, oranı boşaldaq. Sənədlərin orda saxlanması təhlükəliydi. Leyla Şıxlinskaya əmr verdi biz də sənədləri ordan götürdük".

Şəhla Abbasova qeyd edib ki, 2011-ci ildə yoxlama aparıblar: "Mən orda 6 aya yaxın idi işləyirdim. Leyla Şıxlinskaya yoxlama apardı. Hər şey qayda-qanunla olmuşdu. Bizdən çox razı idi. Ona görə də bizə "premia" yazdılar".

Sabiq baş mühasib bildirib ki, Leyla Şıxlinskaya gündə 5-10 dəfə zəng edirdi: "Özü ölkədə oldu -olmadı zəng edirdi. İşlərlə maraqlanırdı. Bizdən çox razı idi".

Daha sonra təqsirləndirilən şəxs qismində Polad Əliyev ifadə verib.

O, ifadəsində bildirib ki, Leyla xanım hər gün işləri yoxlayırdı: "Leyla xanım hər gün qeydiyyat şöbəsinə zəng edib, nə qədər pulun olub-olmadığını soruşurdu. Kamerayla baxırdı. Baş tibb bacısına zəng edib, palatalarda nə qədər xəstə olub-olmadığını öyrənirdi. Bizə cinayət işi açılmazdan 6 ay qabaq yoxlama apardı. Bir qüsur çıxmadı. Əlavə pul verdi".

Polad Əliyev bildirib ki, klinikada baş mühasibin müavini vəzifəsində çalışıb: "Mənim işim sığorta şirkətləri ilə idi. Əmək haqlarını və vergini hesablayırdım, balans edirdim. Sonradan bu cinayət işi başladı. Mənim adım orda çıxanda çox təəccübləndim. Özüm ordan bir qəpik də yeməmişəm. Verilən ittiham aktına baxıram ki, Leyla xanım ifadəsində bildirib ki, mənim 1 milyonumu qaytarmayıblar. İndi vəkili vasitəsi ilə ona deyirəm ki, biz onun 1 milyonunu yemişik ki, qaytaraq?".

Təqsirləndirilən şəxs bildirib ki, klinikada həkimlər 30 min manata yaxın maaş alırdılar: "Həmin pullar qara hesabdan çıxarılıb verilirdi. Lakin rəsmi maaş az göstərildi. Bunların hamısı Leyla Şıxlinskayanın tapşırığı əsasında olub. Biz də bu tapşırıqları yerinə yetirmişik. Yerinə yetirməliydik, çünki ordan çörək yeyirdik".

Təqsirləndirilən şəxs bildirib ki, Leyla Şıxlinskayanın qanunsuz əməllərinə görə, işdən çıxıb: "2 dəfə ərizə yazmışdım. Cırıb atırdı. 6 ay dözə bildim. Sonra özüm çıxdım. Bir müddət sonra da barəmdə cinayət işi başlandı".

Prosesdə daha sonra klinikada qeydiyyat şöbəsində çalışmış Səkinə Qasımova bildirib ki, qəbul olunan pulları Kaysa Nadejdaya təhvil verib: "Hamısını çekləri ilə birgə Nadejdaya vermişik. Biz heç vaxt nə Polad nə də Şəhla xanımla işləmirdik. Pullar ya Nadejdaya, ya da Günel Abbasovaya gedirdi. Onların heç biri də təqsirləndirilən şəxs deyil".

Prosesdə Aytən Hüseynova ifadə verib. O da qeydiyyat şöbəsində çalışdığını, pulları Kaysa Nadejdaya verdiyini deyib: "Rəsmi maaşım 125 manat idi. Lakin paket alırdıq. Həmin paketlə birlikdə 500 manat əmək haqqı alırdıq. Paketi də bir başa Kaysa Nadejdadan almışam. Bizim Şəhla xanımla işimiz yox idi. 2003-2013 ilə qədər klinikada çalışmışıq. Yoxlamalar olub. Lakin heç vaxt problem yaranmırdı".

Məhkəmədə təqsirləndirilən şəxs Mədinə Hüseynova ifadə verib. O, bildirib ki, indi də klinikada çalışır: "İndi də həmi sistemlə işləyirik. Lakin proqram dəyişikliyi olub. Xəstələr indi də pul ödəyən kimi qəbzlər çıxarılır. Qəbzlər iki nüsxədə olurdu. Biri xəstəyə verilir, biri də bizdə qalırdı. Üstümüzdə kamera olub".

Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.

Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaqın davam etdirilməsi üçün sənədlər Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Onu da qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
959 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...